BAXCP qurultayını Heydər Əliyev Mərkəzində keçirmək istəyir

BAXCP qurultayını Heydər Əliyev Mərkəzində keçirmək istəyir
# 11 oktyabr 2012 12:39 (UTC +04:00)
Bakı – APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) III Qurultayının keçirilməsi üçün müvafiq yer ayrılması ilə bağlı müraciətini cavablandırıb. Bu barədə APA-ya BAXCP-nin mətbuat xidmətindən məlumat verilib.

Partiyanın baş katibi Söhrab Abdullayev bildirib ki, BŞİH Başçısı Aparatının İctimai-siyasi və humanitar şöbəsinin müdiri Zaur Ramazanovun BAXCP-yə göndərdiyi cavab məktubunda qurultayın keçirilməsi üçün iki məkan təklif olunub: «Bakı Şəhər İcra Hakimiyyəti BAXCP-nin III Qurultayının keçirilməsi üçün bizə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evini və Bakıxanov qəsəbəsindəki Adil İsgəndərov adına Mədəniyyət Evini təklif edib».

BAXCP-nin baş katibi bildirib ki, BŞİH-in təklif etdiyi yerlər partiyanın III Qurultayının keçirilməsi üçün tamamilə yararsızdır: «Hər iki mədəniyyət evi 200-300 nəfərin iştirak edə biləcəyi tədbirlər üçün nəzərdə tutulub. BAXCP-nin III Qurultayına isə 780 nəfər qurultay nümayəndəsi seçilib. Bu səbəbdən Bakı Şəhər İcra Hakimiyyətinə təkrar müraciət etmişik ki, qurultay nümayəndələrinin sayını nəzərdə alsın. Biz partiyanın Ali Məclisinin toplantısını keçirmirik, qurultay keçiririk. Qeyd etdiyim kimi, yalnız qurultay nümayəndələrinin sayı 780 nəfərdir və şübhəsiz ki, partiyamız üçün müstəsna əhəmiyyət kəsb edən bu tədbirə dəvətlilər də olacaq».

S.Abdullayev hesab edir ki, qurultayın keçirilməsi üçün Heydər Əliyev Mərkəzi daha uyğun məkandır: «Artıq bu mərkəzdə təmir işləri başa çatdıqdan sonra yüksək səviyyəli tədbirlər də keçirilib. Mərkəzin fəaliyyət göstərməsi üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır və düşünürük ki, Heydər Əliyev Mərkəzi təkcə Yeni Azərbaycan Partiyasının, ayrı-ayrı dövlət qurumlarının tədbirləri üçün deyil, siyasi partiyalar üçün də açıq olmalıdır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR