Ağsu ərazisində tapılmış qədim dəfinə ilə bağlı brifinq keçirilib - FOTO

Ağsu ərazisində tapılmış qədim dəfinə ilə bağlı brifinq keçirilib - <font color=red>FOTO</font>
# 11 iyul 2012 08:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azərbaycan Tarixi Muzeyi, Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu rayonu ərazisində tapılan qədim dəfinə ilə bağlı brifinq keçirib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı bildirib ki, Arxeologiya və Etnoqrafiya İnstitutu 2010-cu ilin martından orta əsr Ağsu şəhər yerində tədqiqat aparır. Tarix elmləri doktoru Qafar Cəbiyevin rəhbərlik etdiyi Ağsu Arxeoloji Ekspedisiyası bu günə qədər 15 min kvadrat metrə qədər sahəni arxeoloji cəhətdən öyrənməklə Azərbaycanın son orta əsrlər tarixinə dair çoxsaylı nadir maddi-mədəniyyət nümunələri aşkara çıxarıb: “Bu tapıntı AMEA rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. AMEA Rəyasət Heyətinin dünənki sərəncamı ilə Arxeologiya və Etnoqrafiya İnstitutunun və Ağsu ekspedisiyasının rəhbərliyinə təşəkkür elan edilib və onlara pul mükafatının verilməsi qərara alınıb”.

Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova qeyd edib ki, son illər Azərbaycan arxeologiyası böyük inkişaf mərhələsi keçir: “Son illər ölkədə arxeologiyanın inkişafına Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Məhz buna görə də ölkənin bütün bölgələrində arxeoloji tədqiqatlar aparılır. Bu tapıntı Azərbaycan üçün sensasiyadır. Tapılan dəfinələr Azərbaycan tarixinin öyrənilməsində böyük önəm daşıyacaq. Ağsuda tədqiqatlar davam edəcək”.

Ağsu arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyev bildirib ki, iyunun 22-də şərti olaraq VII qazıntı sahəsi adlandırılan ərazidə qazıntı işləri aparılarkən bir-birinin yaxınlığında səpələnmiş vəziyyətdə olan qızıl sikkə nümunələrindən ibarət dəfinə aşkara çıxıb. Sikkələrin ümumi sayı 37 ədəddir. Onlardan bir ədədi 1781, bir ədədi 1786, üç ədədi 1787, bir ədədi 1796, 31 ədədi isə 1800-cü ildə zərb olunub. Aşkar olunmuş qızıl sikkələrin demək olar ki, hamısı yaxşı vəziyyətdədir”.

Sikkələrin reversində mərkəzdə zirehli cəngavər təsvir olunub. Analoji sikkə nümunələri XVIII əsrdə dünyanın ən müxtəlif ölkələrində geniş yayılıb. Mütəxəssislərin fikrincə, o dövrdə holland qızıl dukatları öz əhəmiyyəti etibarilə bugünkü ABŞ dolları mahiyyətində olub.

Ekspedisiya rəhbərliyi iki gün ərzində ilkin zəruri tədqiqat işlərini başa çatdıraraq iyunun 25-də dəfinəni Arxeolgiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin tövsiyəsi ilə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verib.

Q. Cəbiyev deyib ki, iyulun 9-da Ağsuda daha bir qızıl nümunə tapılıb. Bu, qızıl sinəbənddir. Hazırda Ağsuda tədqiqatlar davam edir: “İndiyədək aşkarlanmış nümunələr onu göstərir ki, 18-ci əsrdə Azərbaycan şəhərləri dünyanın bir çox şəhərləri ilə sıx əlaqə yaradıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR