Dünya aviaşirkətləri iyun ayında 214 yeni təyyarə sifariş edib

Dünya aviaşirkətləri iyun ayında 214 yeni təyyarə sifariş edib
# 03 avqust 2012 07:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyun ayı ərzində dünyanın aviasənaye şirkətləri yeni təyyarələrin alınmasına dair 214 sifariş qəbul edib.

«APA-Economics»ə verilən məlumata görə, Almaniyanın «Airbus» şirkəti ilə «Norwegian Air Shuttle» aviaşirkəti arasında 100 ədəd «A320neo» təyyarəsinin alınmasına dair müqavilə imzalanıb. Bununla yanaşı, Almaniyanın təyyarə istehsalçısı ilə Rusiyanın «Tranaero» şirkəti arasında 4 ədəd «A380» təyyarəsinin alınmasına dair müqavilə imzalanıb. Müqavilənin ümumi dəyəri 1,7 mlrd. dollar təşkil edir və müqaviləyə əsasən, «Transaero» ilk «Airbus-380» laynerini 2015-ci ildə alacaq.

Bununla da «Airbus» təkcə iyun ayında 104 sifariş qəbul edib, halbuki 2012-ci ilin ötən dövrü ərzində şirkətin qəbul etdiyi ümumi sifarişlərin sayı 230 ədəd təşkil edib. Bu ilin iyunun 30-a olan məlumata əsasən, «Airbus» şirkətinin sifariş portfeli 4 388 təyyarə təşkil edir.

«Boeing» şirkəti isə iyun ayında 24 təyyarənin istehsalına dair sifariş qəbul edib. Onlardan 15-i «767-300F» yük təyyarələridir ki, bu laynerləri logistika operatoru olan «FedEx» şirkəti sifariş edib. Bununla yanaşı, «Alaska Airlines» aviaşirkəti 3 ədəd «737-900ER», «American Airlines» şirkəti isə 1 ədəd «777-300ER» təyyarələrini sifariş edib. Eyni zamanda İndoneziyanın «Lion Air» şirkəti «Boeing»dən 5 ədəd «787-8» laynerini sifariş edib.

Çinin «ABC Leasing Corp.» şirkəti iyun ayında «Comac» korporasiyası ilə 45 ədəd «C919» tipli təyyarənin alınmasına dair müqavilə imzalayıb. Bununla da «Comac»ın sifariş portfeli 280 ədəd «C919» tipli təyyarəyə çatıb. Bütün sifarişlər demək olar ki, Çin aviaşirkətləri və maliyyə təşkilatlarından daxil olub.

Kanadanın təyyarə istehsalçısı olan «Bombardier» şirkəti də iyunda bir sıra müqavilələrə imza atıb. Bunlardan biri «WestJet» aşağıbüdcəli aviaşirkətlə imzalanıb - şirkət 20 ədəd «Q400 NextGen» təyyarəsi sifariş verib. Müqavilədə sözügedən təyyarənin sifarişinin daha 5 ədəd artırılması da qeyd olunub. Bu müqavilənin dəyəri 20 təyyarə üçün 683 mln. dollar təşkil edir. Əlavə 5 ədəd təyyarə alınarsa, bu müqavilənin dəyəri 1,6 mlrd. dollaradək arta bilər.

Danimarkanın «Nordic Aviation Capital A/S of Billund» lizinq şirkəti iyunda 12 ədəd «CRJ1000 NextGen» regional təyyarə sifariş verib. Bu təyyarələr lizinq vasitəsilə İndoneziyanın «Garuda Indonesia» aviaşirkətinə veriləcək. Müqavilənin dəyəri 595 mln. dollar təşkil edir.

Regional təyyarələrin sifarişi seqmentində həmçinin 5 ədəd «Embraer ERJ-135» tipli və 3 ədəd «Let L-410» laynerinin alınmasına dair müqavilə imzalanıb. Rusiyanın «Qrajdanskiye samolyotı Suxoqo» şirkəti «Transaero» aviaşirkəti ilə 6 ədəd «Sukhoi Superjet 100» təyyarəsinin alınmasına dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, «Transaero» sifarişi daha 10 ədəd artıra bilər. Müqavilənin dəyəri 212,4 mln. dollar təşkil edir. Aviaşirkət daha 10 ədəd təyyarə alarsa, müqavilənin dəyəri 566,4 mln. dollaradək artacaq. Avialaynerlər sifarişçiyə 2015-2017-ci illər ərzində veriləcək.

Rusiyanın «Rostexnoloqii» dövlət korporasiyasının tərkibinə daxil olan «Aviakapital-Servis» lizinq şirkəti «İrkut» şirkəti ilə 35 ədəd «MS-21» təyyarəsinin alınmasına dair müqavilə imzalayıb. Müqavilənin dəyəri 2,32 mlrd. dollar təşkil edir. Təyyarələr sifarişçiyə 2022-2025-ci illər ərzində təhvil veriləcək.

Ümumiyyətlə, iyunun 30-na olan məlumata əsasən, təyyarə istehsalçılarının sifariş portfelləri 9 629 ədəd təyyarə təşkil edir. Bu da əvvəlki aya nisbətən 91 ədəd təyyarə və ya 10% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR