Ombudsman Avropa Şurası baş katibinin müavinini qəbul edib

Ombudsman Avropa Şurası baş katibinin müavinini qəbul edib
# 30 oktyabr 2012 16:44 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Avropa Şurası (AŞ) baş katibinin müavini xanım Qabriela Battaini-Draqoninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşün əsas məqsədi Avropa Şurasının Azərbaycan üçün 2013-2015-ci illər üzrə Fəaliyyət Planının layihəsinin müzakirəsi olub.

Qonaqları salamlayan Müvəkkil nüfuzlu beynəlxalq təşkilat olan AŞ ilə Azərbaycanın bu quruma tamhüquqlu üzv olduğu 2001-ci ildən davam edən qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışıb. O, Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edən Azərbaycanın insan hüquqlarının təmini sahəsində öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi haqqında məlumat verib.

İnsan hüquqları sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Müvəkkil tərəfindən təkliflər verildiyi, bu qəbildən olan təkliflərin əksəriyyətinin nəzərə alındığı qeyd olunub. E.Süleymanova hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində polis əməkdaşları, hakimlər və hakimliyə namizədlər üçün treninq-seminarların təşkil olunduğunu, təsisatda qaynar xəttin fəaliyyət göstərdiyini, insan hüquqları pozuntusu ilə bağlı alınan hər bir məlumata dərhal reaksiya verildiyini, zənglər vasitəsilə daxil olan müraciətlər əsasında göstərilən yerlərə baxışlar keçirdiyini və müvafiq tədbirlər görüldüyünü bildirib.

Qonaqlar səmimi görüş və səmərəli fikir mübadiləsi üçün Ombudsmana təşəkkürlərini bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR