FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi: “Yanğın nəticəsində Heydər Əliyev Mərkəzinin daxili hissəsinə zərər dəyməyib”

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi: “Yanğın nəticəsində Heydər Əliyev Mərkəzinin daxili hissəsinə zərər dəyməyib”
# 21 iyul 2012 15:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov- APA. “Yanğın nəticəsində Heydər Əliyev Mərkəzinin daxili hissəsinə zərər dəyməyib. Mərkəzin 1000 kvadrat metr dam örtüyü yanıb”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov bildirib.

Onun sözlərinə görə, yanğın barədə məlumat FHN-in yanğınsöndür mə qüvvələrinin idarə edilməsi mərkəzinə saat 11:34-də daxil olub. Dərhal hadisə yerinə yanğınsöndürmə qüvvələri göndərilib. Hadisə yerində yanğının mürəkkəbliyi nəzərə alınaraq yüksək çağırış elan edilib və Bakı qarnizonunun əlavə 25 texnikası və 2 yanğınsöndürmə helikopteri əraziyə göndərilib.

“Şəxsi heyətimizin yüksək peşəkarlığı nəticəsində yanğının Mərkəzin daxilinə nüfuz etməsinin qarşısı alındı. Mərkəzin daxilinə heç bir ziyan dəyməyib, insanlar arasında xəsarət alan olmayıb”, deyə F. Əsədov vurğulayıb.

F. Əsədovun sözlərinə görə, YMX-nin nəzdində fəaliyyət göstərən təhqiqat və sınaq laboratoriyasının əməkdaşları tərəfindən hadisə yerindən sınaq nümunələri götürülüb. Gələn həftənin əvvəllərində yanğının səbəblərinə dair məlumat ictimaiyyətə açıqlanacaq: “İlkin versiya ondan ibarətdir ki, yanğın qaynaq işləri zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR