İyul ayında ATƏT Parlament Assambleyasının yay sessiyası keçiriləcək

İyul ayında ATƏT Parlament Assambleyasının yay sessiyası keçiriləcək
# 18 may 2012 09:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. ATƏT Parlament Assambleyasının illik yay sessiyası iyul ayının birinci ongünlüyündə Monakoda keçiriləcək. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. O bildirib ki, hazırda sessiyaya ciddi hazırlıq gedir. Sessiyada Belqrad deklarasiyasını yerinə yetirilməsi ilə bağlı hesabatın və komitələrdə qətnamələrin, o cümlədən Monako deklarasiyasının qəbul ediləcəyi gözlənilir.

B. Muradova qeyd edib ki, sessiya zamanı siyasi məsələlərə də önəm veriləcək: “Ötən il Dubrovnikdə keçirilən payız sessiyasında qərarlaşdırıldığı kimi, Dağlıq Qarabağla bağlı Monako sessiyasına təqdim olunacaq hesabat və onun əsasında hazırlanacaq qətnamə üzərində iş gedir. Qurumun baş katibi Sprenser Oliverlə görüşdə hesabatda Azərbaycan tərəfini qane etməyən məsələləri diqqətə çatdırmışıq”.

B. Muradovanın sözlərinə görə, sessiyada Ermənistanda keçirilən parlament seçkilərindəki qanun pozuntuları da müzakirə olunacaq. ATƏT-in müşahidə missiyasının hesabatında Ermənistandakı seçkilər zamanı bir sıra nöqsanlara yol verildiyi öz əksini tapıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR