Eurovision 2012-nin qalibi Lorin: «Azərbaycan xalqı çox dostsevər və qonaqpərvərdir»

Eurovision 2012-nin qalibi Lorin: «Azərbaycan xalqı çox dostsevər və qonaqpərvərdir»
# 27 may 2012 02:22 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. «Məni sizi sevirəm. Qələbə hazırda tək mənim deyil, hamımızındır. Anam burdadır və məni ölkəmdən ilk təbrik edən nümayəndə heyətimin üzvləri və anam oldu. Mən çox xoşbəxtəm». APA-nın məlumatına görə, bunu Eurovision 2012 mahnı müsabiqəsinin qalibi İsveç təmsilçisi Lorin deyib. Lorinə ötən həftə boyu bir çox təzyiqlərə məruz qalması ilə bağlı verilən suala cavab olaraq, qalib «yatdım, istirahət etdim və yalnız öz perfomansım haqqında düşündüm» deyə cavab verib. «Demisiniz ki, Azərbaycana dəstək olacağam, bunu necə edəcəksiniz” sualına cavab olaraq, “Bütün ürəyimlə Azərbaycanın yanındayam, Azərbaycan xalqı çox dostsevər və qonaqpərvərdir”. «Green room»da qarışıq hisslər keçirdiyini deyən Lorin, orada onun üçün zamanın donduğunu deyib. 17 rəqəm altında çıxış edən İsveç təmsilçisi, bundan sonra ən sevimli rəqəminin də məhz 17 olacağını deyib. Lorin hamını gələn il İsveçə də dəvət edib: «Təbiəti, insanları çox gözəldir. Hər birinizi ölkəmizə dəvət edirəm». Mətbuat konfransında Lorinin anası da iştirak edib və onun anasına gül dəstəsi hədiyyə olunub.

Mətbuat konfransında Eurovision Mahnı Müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand İsveçi qələbə münasibəti ilə təbrik edib və 2013-cü ilin yüksək səviyyədə keçirilməsi üçün Avropa Yayımlar Birliyinin (EBU) onlara lazımi köməyi edəcəyini qeyd edib. Daha sonra Yan Ola Sand İsveçə ev sahibliyi ilə bağlı məsləhətlər kitabını təqdim edib və iyunda nümayəndə heyətini ev sahibliyi ilə bağlı ilkin danışıqları həyata keçirmək üçün Cenevrəyə dəvət edib.

İsveçin nümayəndə heyətinin rəhbəri «bütün qəlbimizlə 2013-cü ildə hamını İsveçə dəvət edirik. Uzun illərdir bu işin içindəyik və qələbəyə ehtiyacım var idi» deyərək hər kəsə təşəkkürünü ünvanlandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR