Tiflisdə “XVIII əsrin ikinci yarısında Azərbaycan-Gürcüstan münasibətləri tarixindən” adlı kitabın təqdimatı keçirilib

Tiflisdə “XVIII əsrin ikinci yarısında Azərbaycan-Gürcüstan münasibətləri tarixindən” adlı kitabın təqdimatı keçirilib
# 17 dekabr 2015 00:47 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Dekabrın 16-da Azərbaycanın Gürcüstandakı səfirliyində Azərbaycan Milli Elmlər Akademiyasının tarix İnstitutunun əməkdaşı, tarix elmləri namizədi, mərhum Şəfiqə Həmidovanın gürcü dilinə tərcümə olunan “XVIII əsrin ikinci yarısında Azərbaycan-Gürcüstan münasibətləri tarixindən” adlı kitabının təqdimatı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, təqdimat mərasimini səfirliyin mədəniyyət və humanitar məsələlər üzrə attaşesi Samirə Ağayeva açaraq Azərbaycan və Gürcüstan əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini, əsrlər boyu gürcü və Azərbaycan xalqlarının mehriban qonşuluq və qardaşlıq şəraitində yaşadığını bildirib.

Tədbirdə mərhum Şəfiqə Həmidovanın qızı Afina Əliyeva iştirak edib. "Bu kitab 1985-ci ildə ilk öncə kiril əlifbası ilə nəşr olunub və mən kiçik yaşlarımdan anamın arxivlərdə axtarışlar apardığının şahidi olmuşam. 2010-cu ildə anam dünyasını dəyişəndən sonra onun kitabını gürcü dilinə tərcümə olunmasını qərara aldım", deyə A.Əliyeva bildirib. O, Azərbaycan MEA-nın rəhbərliyinə kitabın nəşri üçün təşəkkürünü bildirib.

Sonra kitabın təqdimatında Gürcüstan Parlamentinin Milli Kitabxanasının direktor müavini Mirian Xostiaşvili, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki Zaza Aleksidze, tarix elmləri doktoru Quram Marxulia və başqaları çıxış edərək kitabın mövzusu barədə fikirlərini bildirərək, əsərin tarixi mənbələrə əsaslanaraq yazıldığını bildiriblər.

Tədbirdə kitabın Azərbaycandilli məktəblərə, mədəniyyət mərkəzlərinə, elmi mərkəzlərə, Gürcüstan Parlamentinin Milli Kitabxanasına və qafqazşünaslıq üzrə təkmilləşən universitetlərə hədiyyə olunması təklif edilib..

Gürcü və Azərbaycan dillərində "Elm nəşriyyatı" tərəfindən nəşr olunan kitabı gürcü dilinə türkoloq və kartveloloq Mədət Nurməmmədli tərcümə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR