Azərbaycan Gürcüstanda keçiriləcək Şərq-Qərb işçi qrupunun ilk iclasında iştirak edəcək

Azərbaycan Gürcüstanda keçiriləcək Şərq-Qərb işçi qrupunun ilk iclasında iştirak edəcək
# 12 iyun 2015 08:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gürcüstanın Enerji Xartiyasına sədrliyi çərçivəsində iyunun 30-da Tbilisidə Cənubi Qafqazda elektrik enerjisi ticarətində regional əməkdaşlıq konsepsiyası çərçivəsində Şərq-Qərb işçi qrupunun ilk iclası keçiriləcək.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Enerji Xartiyası təşkilatının irəli sürdüyü əməkdaşlıq konsepsiyasının məqsədi elektrik enerjisi ticarətinin təşviqi, səmərəli nəqliyyat dəhlizlərinin yaradılması və regional enerji infrastrukturuna sərmayələrin cəlb edilməsi istiqamətində iştirakçı ölkələr arasında siyasi dialoqun aparılmasıdır.

Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanması ilə əlaqədar sözügedən konsepsiya iki - Şərq-Qərb (EWEC) və Şimal-Cənub (NOSEC) istiqamətləri üzrə işlənib. Şərq-Qərb istiqamətinə Azərbaycan, Türkiyə, Türkmənistan və Gürcüstan, Şimal-Cənub istiqamətinə isə İran, Ermənistan, Gürcüstan və Rusiya daxildir. Hər iki istiqamət üzrə işçi qrupların toplantılarında Enerji Xartiyası müqaviləsinə əsasən, regional elektrik enerjisi ticarətinin hüquqi, tənzimləyici və texniki çərçivəsinin yaradılması, elektrik enerjisi istehsalı mənbələrinə və transsərhəd enerji infrastrukturlarına sərmayə qoyuluşu məsələləri müzakirə ediləcək.

Şərq-Qərb qrupunun iyunun 30-a təyin olunmuş iclasında Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Energetika Nazirliyinin nümayəndəsi də iştirak edəcək. Şimal-Cənub (NOSEC) istiqaməti üzrə işçi qrupun görüşü isə iyulun 1-ə planlaşdırılır. Hazırda region ölkələri arasında elektrik enerjisi sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi üçün Enerji Xartiyasının irəli sürdüyü təşəbbüs yeganə siyasi platforma hesab olunur. Azərbaycanın zəngin neft-qaz ehtiyatları etibarlı və səmərəli Azərbaycan - Gürcüstan-Türkiyə enerji dəhlizinin formalaşmasına təkan olub. “Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsi” çərçivəsində Azərbaycan tərəfindən 500 kV-luq Samux-Qardabani elektrik xətti çəkilib.

"Qara dəniz ötürmə şəbəkəsi layihəsi" çərçivəsində isə Gürcüstan tərəfindən 500/400/220 kV-luq "Axaltsixe" yarımstansiyası və Gürcüstanı Türkiyə ilə birləşdirən 400 kV-luq yüksək gərginlikli elektrik xəttinin çəkilişi başa çatdırılaraq, 2013-cü ilin sonunda istismara verilib. Bu layihə Azərbaycanın Gürcüstan və Türkiyə, gələcəkdə isə Avropa elektrik enerjisi bazarına inteqrasiya olunmasını və bu istiqamətdə elektrik enerjisinin ixracını təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR