“Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə həsr olunmuş poçt markası buraxılıb

“Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə həsr olunmuş poçt markası buraxılıb
# 23 sentyabr 2014 08:27 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illik yubileyi münasibəti ilə poçt markası çap etdirib.

RYTN-dən “APA-Economics”ə daxil olan məlumata görə, Belarusda çap olunan markanın tirajı 5 000 ədəd təşkil edir. Markanın nominal dəyəri 1 manata bərabərdir.

Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalanıb. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılıb, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapıb.

“Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti iştirak edib. Bununla da, ölkəmizdə “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR