“Azerbaijan İnternational” dərgisinin naşiri: “Yusif Vəzir Çəmənzəminli Türkiyədə çox önəmli izlər qoyub”

“Azerbaijan İnternational” dərgisinin naşiri: “Yusif  Vəzir Çəmənzəminli Türkiyədə çox önəmli izlər qoyub”
# 08 sentyabr 2014 10:01 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. “Yusif Vəzir Çəmənzəminli Türkiyədə çox önəmli izlər qoyub”. Bu sözləri APA-ya açıqlamasında ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində çıxan “Azerbaijan İnternational” dərgisinin naşiri Betti Bleyr (Betty Blair) deyib.

İstanbulun kitabxana və arxivlərində Azərbaycanın məşhur yazar və dövlət xadimləri ilə bağlı araşdırmalarını davam etdirən xanım Bleyr bildirib ki, Süleymaniyyə kitabxanasının külliyyatı ilə daha əvvəl əlaqə yaradaraq Yusif Vəzir Çəmənzəminlinin oradakı kitablarıyla tanış olub: “Dövlət arxivlərinə müstəqil Azərbaycan Cümhuriyyətinin İstanbuldakı səfiri olmuş Yusif Vəzirovun şəxsi arxivinin tapılmasıyla bağlı ərizə vermişəm, cavabını gözləyirəm. Yayın əvvəlində bir neçə saat İstanbulda oldum, Azərbaycan Demokratik Cümhuriyyətinin İstanbuldakı binasına getdim, çox təsirləndim. Budəfəki səfərimdə Bəyazid dövlət kitabxanasında, “Millət” kitabxanasında və İstanbul bələdiyyəsinə bağlı Atatürk adına kitabxanada çalışdım. Çox həssas məsələlər var. Yusif Vəzir Çəmənzəminlinin İstanbulda olduğu dönəmlərdə çıxan fransızca, yunanca və türkcə qəzetlərdən son dərəcə dəyərli materiallar tapdım. Onun buradakı dost-tanışlarıyla əlaqələrini araşdırmaq, Parisdən sonra yenidən İstanbula qayıtdığı dönəmdə ünsiyyətdə olduğu insanlarla münasibətlərini dərindən öyrənmək lazımdır. Hisslərim mənə deyir ki, “Əli və Nino” ilə bağlı ən önəmli izləri də İstanbulda tapacağam”.

B. Bleyr qeyd edib ki, İstanbulda araşdırılması lazım olan başqa bir şəxsiyyət Behbud xan Cavanşirdir: “Bilirsiniz ki, onu ermənilər 1921-ci ildə məşhur “Pera palas” otelinin qabağında qətlə yetiriblər. İş elə planlaşdırılıb ki, Behbud xanı öldürən qatil 3 gün içində Türkiyəni tərk edə bilib. Yusif Vəzir Çəmənzəminlinin İstanbulu tərk etməsinin səbəblərindən biri də Behbud xanın burada ermənilər tərəfindən qətlə yetirilməsidir. O dövrün müxtəlif dillərdə çıxan qəzetlərində Behbud xanın qətliylə bağlı yazılar var. Məndə olan materiallara bu yazıları da əlavə edərək Behbud xan Cavanşir barədə geniş yazılar çap edəcəyəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR