İranın “Buşəhr” Atom Elektrik Stansiyası bu ilin sonunadək istismara veriləcək

İranın “Buşəhr” Atom Elektrik Stansiyası bu ilin sonunadək istismara veriləcək
# 08 avqust 2008 08:35 (UTC +04:00)
Tehran - APA. İranda inşa olunan “Buşəhr” Atom Elektrik Stansiyası (AES) bu ilin sonunadək istismara veriləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə İranın vitse-przidenti, bu ölkənin Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Qulamrza Ağazadə bildirib. O, yerli İSNA agentliyinə açıqlamasında İranın cənubunda rusiyalı mütəxəssislərin iştirakı ilə inşa olunan AES-in vaxtında istifadəyə verilməsi üçün Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə inandığını deyib. “Biz Rusiyanın inşaat işlərini aparan “Atomstroyeksport” şirkətinə bu istiqamətdə hər cür yardım göstərmişik”, - deyə İran rəsmisi vurğulayıb.

Qeyd edək ki, “Buşəhr” AES-in tikintisinə 1975-ci ildə Almaniya şirkətləri tərəfindən başlanılıb. Lakin 1979-cu ildə İranda baş verən inqilabdan sonra həmin şirkətlər müqaviləni dayandırıblar.

1995-ci ilin yanvarında isə Rusiyanın “Zarubejatomenerqostroy” şirkəti ilə İranın Atom Enerjisi üzrə Təşkilatı arasında stansiyanın birinci blokunda yarımçıq qalmış işlərin başa çatdırılmasına dair müqavilə imzalanıb.

1998-ci ilin fevralında tərəflər arasında Rusiyanın AES-in tikintisini tam başa çatdırmasına dair razılıq əldə olunub. İşlərin 1999-cu ilin iyulunda yekunlaşması nəzərdə tutulusa da, bu, müxtəlif səbəblərdən bir neçə dəfə təxirə düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR