Ombudsmanın əməkdaşları 3 saylı İstintaq Təcridxanasında olublar

Ombudsmanın əməkdaşları 3 saylı İstintaq Təcridxanasında olublar
# 19 fevral 2016 08:11 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin araşdırılması və saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində MPQ-nin həkim üzvünün də iştirakı ilə müəssisə daxilində müxtəlif obyektlərdə 20-dən çox saxlanılan şəxs fərdi qaydada qəbul edilmiş, bəzi şəxslər isə öz xahişləri ilə təkbətək dinlənilib, bir sıra müraciətlər yerində araşdırılıb və təmin edilib.

Barələrində başlanmış cinayət işləri üzrə aparılan istintaqla bağlı Müvəkkilə müraciət etmiş şəxslər təkbətək qəbul edilib, qaldırdıqları məsələlər yerində araşdırılıb, habelə bir sıra həbs edilmiş şəxslər əvvəlki müraciətlərinin də araşdırılması istiqamətində göstərdiyi diqqətə görə Ombudsmana təşəkkürlərini bildiriblər.

Qəbul edilmiş şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, habelə Müvəkkilə ünvanlanmış ərizə və müraciətləri yerində qəbul edilib.

Müəssisədə yeni karantin otağında təmirin yekunlaşması və şəraitin təkmilləşdirilməsi istiqamətində işlər MPQ üzvləri tərəfindən müsbət qiymətləndirilmiş və müvafiq tövsiyələr verilib.

Yekunda istintaq təcridxanasının rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanununa, İstintaq təcridxanalarının daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, xidmət əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR