Bakıda baş vermiş yanğında bir nəfər ölüb, iki nəfər yaralanıb - YENİLƏNİB

Bakıda baş vermiş yanğında bir nəfər ölüb, iki nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 16 mart 2016 20:15 (UTC +04:00)

APA- nın məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Yanğın Nəriman Nərimanov prospektindəki beş otaqlı evdə qeydə alınıb. Hadisə zamanı evdə 75 yaşlı Quliyeva Səriyyə Kərim qızı və onun həyat yoldaşı Balağa Quliyev olub. Balağa Quliyevi yaralı vəziyyətdə xilas etmək mümkün olsa da, Səriyyə Quliyeva yanğında dünyasını dəyişib. Gözləri görməyən ahıl qadının tüstüdən boğulduğu ehtimal olunur.

Balağa və Səriyyə Quliyevlərin oğlu Hacıağa Quliyev evlərində baş verən yanğın barədə xəbəri işdə alıb. O, dərhal hadisə yerinə gəlib və içəridə qalan anasını xilas etmək ümidi ilə özünü alovun içərisinə atıb. Nəticədə Hacıağa Quliyev yanıq xəsarətləri alıb. O və atası Balağa Quliyev Respublika Yanıq Mərkəzinə çatdırılıblar.

Yanğın baş verən əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb. Yanğınsöndürən-xilasedicilər 75 yaşlı Səriyyə Quliyevanın meyitini çıxarıblar.

Evində yanğın baş verən ailənin yaxınları bildiriblər ki, martın 16-sı səhər saatlarında əraziyə təbii qazın verilişi dayandırılıb və axşam saatlarında bərpa edilib. Bundan xəbəri olmayan və qaz avadanlıqlarını açıq qoyan ahıl ər-arvadın evində qəfildən yanğın başlayıb.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayev APA-ya açıqlamasında bildirib ki, əvvəlcədən elan edildiyi kimi, martın 16-da bir neçə rayonun, o cümlədən, Bakının Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olub. Diametri 159 mm-lik orta təzyiqli qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə saat 10:00-dan əvvəlcədən edilmiş xəbərdarlığa uyğun olaraq, təbii qazın verilişi dayandırılıb: “Qazın verilməsi saat 17.00-da bərpa edilib. Yanğın isə bundan 2-3 saat sonra baş verib. Hazırda müvafiq qurumlar yanğının səbəbləri ilə bağlı araşdırma aparır. Hadisənin qazla bağlı səbəblərdən baş verib-vermədiyini indidən demək olmaz”.

Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin istintaq şöbəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

***

21:53

Bakı. Mahir Məmmədli-APA. Bakının Yasamal rayonu ərazisində yanğın hadisəsi olub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Nəriman Nərimanov prospektindəki beş otaqlı evdə baş vermiş yanğın zamanı ev sakini, 1941-ci il təvəllüdlü Quliyeva Səriyyə Kərim qızı tüstüdən boğularaq ölüb.

Onun gözlərinin görmədiyi bildirilir.

S. Quliyevanın həyat yoldaşı Balağa Quliyev və oğlu, Hacıağa Quliyev yanıq xəsarətləri alıblar.

Yaralılar Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.

Yanğın baş vermiş əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR