Lənkəranlılar Hüseyn Cavadzadəyə səs verəcəklərini deyirlər

Lənkəranlılar Hüseyn Cavadzadəyə səs verəcəklərini deyirlər
# 13 oktyabr 2015 13:01 (UTC +04:00)

Bakı – APA. 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Hüseyn Cavadzadə oktyabrın 12-də seçicilərlə iki görüş keçirib.

Namizədin Seçki Qərargahının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşlərdə deputatlığa namizədin vəkilləri, ziyalılar, ağsaqqallar, gənclər və könüllülər iştirak edib.

Birinci görüşdə Lənkəran ziyalıları bir araya gələn Hüseyn Cavadzadə onlara platformasının əsas istiqamətlərini açıqlayıb. "O səs Lənkəran üçün" devizi altında başlayan təbliğat kampaniyasından sonra lənkəranlılar namizədə məktublarla müraciət ediblər. Hüseyn Cavadzadə seçicilərə minnətdarlığını bildirib. Sonra Lənkəran sakinlərinin namizədi dəstək üçün hazırladıqları video nümayiş olunub. Videoda Lənkəranda yerləşən binaların birində sakinlər bütünlüklə Hüseyn Cavadzadənin seçki plakatlarını evlərin pəncərələrinə asdıqları görüntülənib.

Bundan sonra ağsaqqallar Lənkəranın tanınmış alimlərindən olan Hüseyn Cavadzadənin babası Cavad Cavadzadənin gördüyü işlərdən danışıblar, onun nəvəsinə böyük etimad göstərdiklərini qeyd ediblər. Tədbirdə iştirak edən Lənkəran ziyalıları, müəllimlər gənc namizədə böyük ümidlə yanaşdıqlarını və seçkilərdə hamılıqla onu dəstəkləyəcəklərini söyləyiblər. Görüşdə seçicilər həm də yerli əhəmiyyətli məsələlərlə bağlı təkliflərini səsləndiriblər. H. Cavadzadə səsləndirilən bütün məsələlərin araşdırılaraq onların həlli istiqamətində müvafiq addımların atılacağını deyib.

Deputatlığa namizədin seçicilərlə növbəti görüşü isə gənclərin iştirakı ilə baş tutub. Lənkəran Dövlət Universitetinin tələbələri və yerli fəal gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdiyi görüş çox maraqlı keçib. İki saatdan çox davam edən 100-dən çox gəncin qatıldığı tədbirdə çıxış edən Hüseyn Cavadzadə lənkəranlı gənclərlə növbəti görüşündən məmnunluğunu bildirib. Bu seçkilərdə namizədin qalib olacağı təqdirdə gənclərlə birlikdə görüləcək işlər müzakirə olunub. Lənkəran gəncləri seçkidə yüksək fəallıq nümayiş etdirəcəklərini və Hüseyn Cavadzadəyə səs verəcəklərini bildiriblər. Görüşün sonunda gənclərin istəyi ilə deputatlığa namizəd Hüseyn Cavadzadə onlarla selfie çəkdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR