Kanada şirkəti “Azerspace-2” layihəsinin peyk sistemi təchizatçısı seçilib

Kanada şirkəti “Azerspace-2” layihəsinin peyk sistemi təchizatçısı seçilib
# 21 oktyabr 2015 08:44 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Qərargahı Kaliforniyanın Palo Alto şəhərində yerləşən və Kanadanın MDA korporasiyasına məxsus, kommersiya peyklərinin aparıcı təchizatçısı olan “Space Systems/Loral” (SSL) şirkəti “Azərkosmos” ASC tərəfindən Azərbaycanın sayca üçüncü, təyinatına görə isə ikinci telekommunikasiya peykinin istehsalçısı seçilib.

“Azərkosmos”dan “APA-Economics”ə verilən xəbərə görə, dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan İntelsat ilə “Azərkosmos” ASC-nin uzunmüddətli razılaşmasına əsasən, 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək “Azerspace-2” Afrika, Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edəcək.

SSL şirkətinin prezidenti Con Çelli (John Celli) peyk operatorları ilə əməkdaşlıq sahəsində SSL-in böyük təcrübəsinin olduğunu qeyd edib. “Biz “Azərkosmos”la İntelsatın inkişaf hədəflərini dəstəkləyəcək bir peyk istehsal etməklə bu şirkətlərin birgə əməkdaşlıq layihəsinə öz töhvəmizi verməyi səbirsizliklə gözləyirik”, - deyə C. Çelli bildirib.

“Azerspace-2” “Azərkosmos”un sayca ikinci telekommunikasiya peyki olmaqla yanaşı, “Azerspace-1”in əhatə zonasını genişləndirməklə Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrikada Böyük Səhranın cənub regionlarında ödənişli televiziya, hökumət strukturları üçün rabitə xidmətləri və şəbəkə xidmətlərinə artan tələbatı qarşılayacaq.

Bu peyk “İntelsat”ın hazırda 45° şərq uzunluğu orbital mövqeyində yerləşən və Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionlarında ödənişli televiziya platformalarını tutumla təmin edən “İntelsat 12” peykinin davamlılığını təmin edəcək. “Azerspace-2”, həmçinin Afrikada korporativ şəbəkə və dövlət qurumlarını peyk xidmətləri ilə təmin edəcək.

“Bu yeni peyk “Azərkosmos”u regionda peyk tutumlarına artan tələbatı qarşılamaq üçün əlavə tutumla təmin edəcək və müştərilərimizə daha yüksək keyfiyyətli radio, televiziya və rabitə xidmətləri göstərməyimizə imkan yaradacaq. Biz dünyanın peyk sənayesinin aparıcı şirkətləri olan “İntelsat” və SSL ilə əməkdaşlıq etməyimizə məmnunuq”, - deyə “Azərkosmos”un sədri Rəşad Nəbiyev bildirib.

“Bu layihə hazırda peyk sənayesində peyk operatorları arasında əməkdaşlığın bariz nümunəsidir. SSL və “Azərkosmos”la əməkdaşlığımız bizə imkan verəcək ki, Mərkəzi Avropa və Asiyada müştərilərimizin məzmunun paylanmasına olan tələblərini qarşılayaq. Bu peyk, həmçinin Afrikadakı korporativ şəbəkələri biznesin qurulması və genişləndirilməsi üçün lazım olan genişzolaqlı rabitə ilə təmin edəcək” İntelsatın Baş texniki direktoru Tyeri Qulemin (Thierry Guillemin) bildirib.

“Azerspace-2” ABŞ-ın qərargahı Kaliforniyanın Palo Alto şəhərində yerləşən və MDA korporasiyasına məxsus olan SSL şirkəti tərəfindən dizayn və istehsal ediləcək. Müqavilə çərçivəsində Kanadanın Riçmond şəhərində yerləşən, qlobal kommunikasiya və informasiya şirkəti olan MDA korporasiyası “Azərkosmos”a Yer səthinin radarla müşahidəsinə dair bilik və təcrübənin ötürülməsini də təmin edəcək. Peykin dizaynı yüksək etibarlı SSL 1300 peyk platformasına əsaslanacaq ki, bu da öz növbəsində, çoxsaylı tətbiqlərdən və yüksək texnologiyalardan istifadə imkanları yaradır.

“Azerspace-2” peyk layihəsi Kanadanın “Export Development Canada” (“EDC”) ixrac-kredit agentliyi tərəfindən uzunmüddətli və güzəştli kredit xətti vasitəsilə maliyyələşdiriləcək. Peykin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR