Bakı. Türbət Bağırova - APA. “Britaniya vətəndaşları bizim birliyi tərk etməklə bağlı qərarlarını veriblər. Bu qərara təəssüflənsək də, hörmətlə yanaşmalıyıq”.
APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerinin Britaniyada keçirilən referendumun nəticələri bağlı bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Avropa İttifaqı bütün dünyadakı tərəfdaşları üçün güclü aktor və etibarlı tərəfdaş olmağa davam edəcək: “Biz sülh, təhlükəsizliyin təminatçısı, beynəlxalq və çoxtərəfli əməkdaşlığın sadiq dəstəkçisi olmağa davam edəcəyik. Bizim İttifaq vətəndaşların ehtiyac və arzularının qarşılanmasında ən yaxşı yoldur və bunun effektiv həyata keçirilməsi üçün dərin düşüncə tələb edilir. Çətin zamanlar daha çox liderlik, qətiyyət və birlik tələb edir. Məqsədin vahidliyi bizim gücümüzdür və vətəndaşlarımızın heç vaxt olmadığı kimi daha güclü Aİ-yə ehtiyacı var”.