Cavid Qurbanov: “Şərq-Qərb dəhlizində alternativ marşrutların hazırlanması istiqamətində işlər aparılır”

Cavid Qurbanov: “Şərq-Qərb dəhlizində alternativ marşrutların hazırlanması istiqamətində işlər aparılır”
# 11 aprel 2017 01:01 (UTC +04:00)

“Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bu il istismara verilməsi planlaşdırılır. Layihə çərçivəsində Gürcüstan ərazisində, Türkiyə sərhədinə qədər ümumilikdə 183 kilometr, o cümlədən 30 kilometr uzunluğunda Qars-Axalkalaki yeni dəmir yolunun inşası, Axalkalaki stansiyasında vağzal və təkər cütlərinin dəyişdirilməsi kompleksinin və 4450 metr uzunluğunda tunelin inşası reallaşdırılıb. Gürcüstan ərazisində Türkiyə sərhədinə qədər sınaq qatarının hərəkəti təmin edilib. Hazırda Türkiyə ərazisində layihənin tamamlanması istiqamətində işlər sürətləndirilib”.

APA-nın məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Onun sözlərinə görə, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutları çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlərə başlanılıb: “Azərbaycan ərazisində 2016-cı il aprelin 20-də başlayan tikinti işləri qısa müddət ərzində başa çatdırılıb. Görülən işlər nəticəsində, ümumilikdə, 16 kilometrdən çox dəmir yolunun və Azərbaycan-İran sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğu olan körpünün tikintisi tam yekunlaşdırılıb, 2017-ci il martın 3-də ilk sınaq qatarı inşa edilən körpüdən keçərək İran ərazisinə daxil olub. İran ərazisində 1,4 kilometr uzunluğunda yolun və yük terminalının inşası isə hazırda davam edir”.

Cavid Qurbanov deyib ki, hazırda Şərq-Qərb dəhlizində alternativ marşrutların hazırlanması istiqamətində işlər aparılır: “Çinin cənub rayonlarından Avropaya nəql olunan yüklərin Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə Azərbaycana və daha sonra Avropa ölkələrinə daşınmasını nəzərdə tutan yeni marşrutun yaradılması istiqamətində danışıqlar aparılır. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi məqsədi ilə Rusiya, Azərbaycan və İran dəmir yolları administrasiyalarının birgə fəaliyyəti nəticəsində İranın Bəndər Abbas limanından Rusiyanın Moskva şəhərinə 14 gün ərzində sınaq yüklərin daşınması həyata keçirilib və bu yüklərə vahid qiymət siyasətinin tətbiq olunması üzrə razılıq əldə edilib”.

“Azərbaycan Dəmir Yolları” QSC sədri bildirib ki, 2016-cı il ərzində Azərbaycan dəmir yolları vasitəsilə 15,4 milyon ton yük daşımağa müvəffəq olub: “2017-ci ilin ilk üç ayı ərzində isə 3,8 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur. Qarşıdakı 3 il müddəti üçün müəyyən edilmiş investisiya portfelinə əsasən, Yalama–Astara istiqamətində dəmir yolunun əsaslı təmiri, Bakı-Gəncə-Bakı sürət qatarının istifadəyə verilməsi, Yevlaxda Kür çayı üzərində ikinci körpünün tikintisi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Daha sonrakı illər üçün müəyyən edilmiş perspektiv planda isə Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsi planlaşdırılır ki, hazırda bu xətlərin layihələndirilməsi işləri aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR