Azərbaycanlı dirijor Türkiyədə “Uğur və Şöhrət” mükafatına layiq görülüb

Azərbaycanlı dirijor Türkiyədə “Uğur və Şöhrət” mükafatına layiq görülüb
# 29 iyun 2015 15:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İstanbul Opera və Balet Teatrının baş dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi Elşad Bağırov Türkiyənin Semiha Berksoy Opera Vəqfi tərəfindən “Uğur və Şöhrət” mükafatına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Türkiyədə incəsənət aləminin mötəbər mükafatları sırasına daxil olan “Uğur və Şöhrət” mükafatı opera sənəti sahəsində bacarıq və istedadı ilə seçilən, həyatını bu sənətə həsr edən insanlara təqdim edilir.

Azərbaycanlı dirijor Elşad Bağırov bu mükafata opera sənəti sahəsində uzun illər ərzində fəaliyyətinə, qardaş ölkənin opera və balet sənətini böyük uğurla təmsil etdiyinə görə layiq görülüb.

Qeyd edək ki, İstanbul Dövlət Opera və Balet Teatrında 1986-cı ildən fəaliyyət göstərən Elşad Bağırov indiyədək 35 premyeraya dirijorluq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR