Azərbaycanda maliyyəçilərin orta aylıq əməkhaqqı 12% artıb

Azərbaycanda maliyyəçilərin orta aylıq əməkhaqqı 12% artıb
# 18 dekabr 2019 15:51 (UTC +04:00)

Bu il noyabrın 1-i vəziyyətinə Azərbaycanda muzdla işləyənlərin 27,8 min nəfəri maliyyə və sığorta fəaliyyəti ilə məşğul olub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə işçilərin sayı 2,8 min və ya 11,2% artıb. İşçilərin 5,3 min nəfəri və ya 19,1%-i dövlət, 22,5 min nəfəri və ya 80,9%-i isə özəl sektorda işləyib. Ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,4% və 11,4% artım qeydə alınıb.

Qeyd edək ki, cari il noyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 641,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,4 min nəfər, qeyri-dövlət sektorunda isə 729,6 min nəfər təşkil edib.

Rəsmi statistikaya əsasən, yanvar-oktyabr aylarında maliyyə sahəsində orta aylıq nominal əməkhaqqı 1 632,8 manat, o cümlədən dövlət sektorunda 1 657,5, özəl sektorda 1 626,9 manat olub. Beləliklə, maliyyə sahəsində orta aylıq əməkhaqqında illik 12,2% artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR