Respublika xüsusi internat məktəbinin 80 illiyi qeyd olunub

Respublika xüsusi internat məktəbinin 80 illiyi qeyd olunub
# 03 dekabr 2016 15:25 (UTC +04:00)

Dekabrın 3-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbinin 80 illik yubileyi qeyd olunub.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, mərasimdə təhsil naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, millət vəkilləri, prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

M. Cabbarov 3 dekabr - Beynəlxalq Əlillər Gününün 80 illik tarixə malik internat məktəbində qeyd edilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirərək, burada tədris aparan müəllimlərin fədakar əməyindən danışıb.

Nazir dövlət tərəfindən internat məktəblərinə göstərilən qayğıdan danışıb. Bu sahədə Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu qeyd edən nazir, fond tərəfindən belə müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğulayıb.

S. Müslümov əlamətdar yubiley münasibəti ilə kollektivi təbrik edib və əlilliyi olan şəxslərin əmək bazarına çıxış imkanlarının asanlaşdırılması yönündə görülən işlərdən danışıb.

İnternat məktəbində 311 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 94 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Son 3 ildə internat məktəbinin məzunlarından 14 nəfəri ali, 11 nəfəri orta ixtisas müəssisələrinə qəbul olunub.

Daha sonra internat məktəbinin bir qrup əməkdaşına “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR