UNİCEF-in Avropa və Mərkəzi Asiya Regional Ofisinin təşəbbüsü ilə milli parlamentlərin, Parlamentlərarası İttifaqın, Aİ Parlamentinin, AŞPA-nın, MDB Parlamentlərarası Assambleyasının, Gənclər Parlamentlərinin üzvləri və uşaq hüquqları üzrə ekspertlər üçün yüksək səviyyəli Regional Məsləhətləşmə keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi istiqamətində qanunverici hakimiyyətin üzərinə düşən vəzifələrin icrası ilə bağlı görülən işlər haqqında məlumat verib.
O bildirib ki, dövlət başçısının 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” təsdiq edilib.
Milli Məclisin deputatı qeyd edib ki, ötən ilin sentyabrında Ermənistanın hərbi təxribatları nəticəsində başlamış 44 günlük müharibə dövründə dinc sakinlərin raket və artilleriya atəşinə tutulması nəticəsində həlak olanlardan 12-si, yaralananlardan 50-si azyaşlı olub. Bu dəhşətli faciəni yaşamış insanlar, o cümlədən uşaqlar çox ağır psixoloji zərbə alıblar. Soltan Məmmədov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, COVİD-19 pandemiyası da cəmiyyətimizin ən həssas və qayğıya ehtiyacı olan nəsli kimi qəbul edilən uşaqların sağlamlığına, təhsilinə və mənəvi-psixoloji durumuna ciddi zərbə vurub.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həllinə diqqətin artırılması məqsədi ilə bir sıra proqramlar həyata keçirildiyini qeyd edən S. Məmmədov bildirib ki, 2019-cu ilin 18 oktyabrında Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNİCEF) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində "Erkən uşaqlıq dövründə inkişaf" (EUDİ) layihəsi icra olunur. BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən 2 illik layihənin əsas məqsədi 0-8 yaş dövründə uşaqların sağlamlığı, düzgün qidalanması, təlim-tərbiyəsi, uşaqlarda inkişaf dinamikasının izlənməsi və inkişafın stimullaşdırılması ilə bağlı valideynləri, təhsil, tibb, sosial xidmət mütəxəssislərini, o cümlədən həssas qrupa aid olan uşaqlara qayğı göstərən şəxsləri maarifləndirməkdən ibarətdir.