Ağstafada uzunluğu 10 km olan yol yenidən qurulur

Ağstafada uzunluğu 10 km olan yol yenidən qurulur
# 06 mart 2018 11:56 (UTC +04:00)

Ağstafa rayonunun 10 km uzunluğunda olan Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli kəndlərini birləşdirən avtomobil yolunun yenidənqurma işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “APA-Economics”ə verilən məlumata görə, yolun hərəkət hissəsində qabarmalar və çökmələr, çalalar əmələ gəlmişdi. Avtomobil yolunun Qarahəsənli kəndinin ərazisindən keçən hissəsində yolun uzunluğu 2 km, Kolayır kəndinə giriş yolunun uzunluğu 1.8 km, enləri isə 5-6 metr arasında dəyişir və yol əsası ilə yol geyiminin V texniki dərəcəyə uyğun bərpası tələb olunurdu. Düzqışlaq-Molla Cəfərli-Xılxına avtomobil yolunun uzunluğu 6,2 km-dir, və yolun 3,7 km-i IV texniki dərəcəyə, 2,5 km hissəsi isə V texniki dərəcəyə uyğun əsaslı təmir olunmalı idi.

Tikinti layihəsinə uyğun olaraq yolun əsasında dağılmış hissələr müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə çınqıl qruntu tökülərək yayılır və kipləşdirilir. Mövcud çınqıl örtüklü yol avtoqreyderlə plana salınaraq kipləşdirilir və yol əsası inşa edilir. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılır. Bundan başqa çiyinlərin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri də görülür.

Yol əsası hazır olan hissələrə isə layların əlaqələndirilməsi üçün bitumun səpilir və örtüyün alt qatı iri dənəli, üst qatı isə xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilir. Artıq yolun təqribən 4 km-lik hissəsi texnoloji ardıcıllığa riayət olunmaqla inşa işləri aparılaraq yekunlaşdırılıb.

Yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə 8 ədəd mövcud dəmir suötürücü boru qazılaraq çıxarılıb, əvəzinə yeni dəmir-beton borulara quraşdırılıb və başlıqlarının tikintisi aparılıb.

Aparılan tikinti işlərindən sonra hərəkətin normal təşkili üçün yola 50 ədəd yol nişanı və 420 ədəd siqnal dirəkləri quraşdırılacaq, 30 km uzunluğunda üfüqi nişanlanma xətləri çəkiləcək.

4 mindən artıq əhalinin yaşadığı Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli kəndlərini birləşdirən avtomobil yollarının yenidən qurulması işlərinin yaxın müddət ərzində tam olaraq yekunlaşdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR