Səhiyyə Nazirliyi: Azərbaycanda koronovirus ilə bağlı şübhəli hal qeydə alınmayıb

Səhiyyə Nazirliyi: Azərbaycanda koronovirus ilə bağlı şübhəli hal qeydə alınmayıb
# 11 avqust 2015 11:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Bu günə qədər respublikada respirator sindromlu koronovirus (MERS-CoV) xəstəliyi ilə bağlı şübhəli hal qeydə alınmayıb”.

Bunu APA-ya Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının müdiri Raqif Abdullayev deyib. R. Abdullayev bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyevin respublikada koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə imzaladığı əmrdə nəzərdə tutulan tədbirlər davamlı olaraq həyata keçirilir: “Şübhəli hal baş versə, xəstələrdən götürülmüş nümunələr Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına göndəriləcək. Müayinəni aparmağa bizim tam şəraitimiz var”.

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyev respublikada koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb.

Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə koronovirus xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılması, kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli şəxslərdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, xəstəliyin simptomatik müalicəsi uçun dərman preparatlarının ehtiyatının yaradılması, tibb müəssisələrində dezinfeksiya tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi və s. əks olunub.

Əmrdə qeyd olunub ki, ölkədə epidemioloji durum daim ciddi nəzarət altındadır, ölkəmizdə bu virusa yoluxma və ya şübhəli yoluxma halı aşkarlanmayıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən 2012-ci ilin aprel ayından etibarən ilk dəfə Yaxın Şərq ölkələrində respirator sindromlukoronovirus (MERS-CoV) aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyata alınmasına başlanıb. 2015-ci ilin may ayında xəstəliyin Cənubi Koreyada əhəmiyyətli dərəcədə alovlanması baş verib və hazırda davam etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR