BSU-da “Uzaq və yaxın Polşa” kitabının təqdimatı olub

BSU-da “Uzaq və yaxın Polşa” kitabının təqdimatı olub
# 23 oktyabr 2017 16:00 (UTC +04:00)

Bakı Slavyan Universitetində yazıçı-publicist Rövşən Ağayevin “Dalekaə i blizkaə Polğşa” (“Uzaq və yaxın Polşa”) kitabının təqdimatı keçirilib.

BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təqdimat mərasimində universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə yanaşı, elmi işlər üzrə prorektor, professor Rafiq Novuzov, Milli Məclisin deputatı Novruz Aslanov, “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, professor Rafiq Əliyev, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Natiq İsayev və digər siyasi, ictimai xadimlər iştirak ediblər.

Tədbiri Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva açaraq “Dalekaə i blizkaə Polğşa” kitabının Azərbaycanla Polşa arasındakı dostluq və qardaşlıq əlaqələrinə dəyərli bir töhfə olduğunu bildirib. Xalqlarımız arasındakı münasibətlərin tarixindən, bu günündən ətraflı danışan N.Əliyeva tanınmış publisist Rövşən Ağayevin adıçəkilən əsərində məhz həmin dostluğun tərənnüm olunduğunu vurğulayıb: ““Sovet dönəmində biz birbaşa əlaqə saxlaya bilməsək də, Azərbaycan həmişə Polşanı öz yaxın müttəfiqi bilib. Bizim turistlər ən çox bu ölkəyə gedərdi. Nəhəng imperiyanın süqutundan sonra birbaşa əlaqələrimiz yenidən bərpa olunub. Bakı Slavyan Universitetində Polşa Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Varşavanın Torn Universitetində Azərbaycan mərkəzi gənclərə Azərbaycan dilini və ədəbiyyatını öyrədir. Bir sözlə, tarixi əlaqələr hazırkı dövrdə də öz bəhrəsini verməkdədir”.

“İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, professor Rafiq Əliyev Polşa-Azərbaycan münasibətlərini xristian-islam vəhdəti kimi şərh edib. O, polyakların həmişə Azərbaycana öz doğma vətənləri kimi yanaşdıqlarını xatırladıb.

Əsər barədə təəssüratını bölüşən elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov povestdə təsvir olunan hər bir hadisənin arxasında bir tarixi faktın və hər bir obrazın arxasından isə bir real tarixi şəxsiyyətin boylandığını deyib.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan-Polşa münasibətlərinin tarixini dostluq və qardaşlıq tarixi kimi dəyərləndirib.

İH başçısı qeyd edib ki, kitabın Azərbaycan və polyak dillərinə tərcümə olunmasına tam dəstək verməyə hazırdır.

BSU-da polyak dilini tədris edən polşalı müəllim Pavel Frents onu maraqlandıran əksər sualların cavabını kitabda tapdığını vurğulayıb. P. Frents deyib ki, Azərbaycanda polyak dilinə göstərilən maraq, gənclərin bu dili yüksək səviyyədə mənimsəməsi ona hər zaman maraqlı olub.

Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Natiq İsayev çıxışında kitabın əlyazma variantının ilk oxucularından biri olduğunu deyərək bu əsərin yazıçının təxəyyülündən deyil, real insanların həyatından doğan tarixi faktlara söykəndiyini diqqətə çatdırıb.

Millət vəkili Novruz Aslanov da əsərin bədii və siyasi məziyyətlərindən danışıb. O, əsərin çox ciddi siyasi məzmuna malik olduğunu vurğulayıb.

Müəllifi isə çıxışında əsərinin ideyasının iki xalqın tarixən bir-birinə yaxın, doğma olmasını diqqətə çatdırmaq olduğunu vurğulayıb: “Çünki polşalıların Azərbaycandakı həyatı Azərbaycan xalqının, eləcə də azərbaycanlıların Polşadakı həyatının polyak xalqının tarixinin ayrılmaz hissəsidir. Azərbaycanın müstəqil dövlət olduğu indiki şəraitdə bu münasibətlərin öyrənilməsi son dərəcə vacibdir. Bu, bizim tariximizdir”.

Qeyd edək ki, R.Ağayev 1972-ci ildən 1980-ci ilədək neft sənayesi müəssisələrində, 1983-1992-ci illərdə mətbuat orqanlarında və müxtəlif dövlət vəzifələrində çalışıb. Qırxdan çox elmi, 100-dən artıq publisistik məqalənin müəllifidir.

O, “Zaman, hadisələr, faktlar”, “Razqovor s sınom» adlı kitabların müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR