Elnur Eyvazov: "Düzgün qurulmuş PR strategiya namizədin seçkilərdə uğurunun əsasıdır" - MÜSAHİBƏ

Elnur Eyvazov: "Düzgün qurulmuş PR strategiya namizədin seçkilərdə uğurunun əsasıdır" - <span style="color: red;">MÜSAHİBƏ
# 08 sentyabr 2015 11:47 (UTC +04:00)

Bakı - APA. Seçki kampaniyasında reklam şirkətlərinin potensialından istifadə məsələsi ilə bağlı ADCO reklam şirkətinin direktoru Elnur Eyvazovun APA-ya müsahibəsi

- Seçkilərdə reklamın rolu nə dərəcədə əhəmiyyətlidir?

- Reklam hər hansı bir məhsulun, brendin və ya xidmətin tanıdılması üçün çox vacibdir və onun başqa alternativi yoxdur. Seçkilər zamanı da siyasi platformanın təqdimatı, təbliğat-təşviqat kampaniyasının əhəmiyyətli təşkil olunması üçün müvafiq reklam işlərinin təşkili vacibdir. Burada söhbət yalnız seçkilər ərəfəsindəki fəallıqdan getmir, bu həm də ictimai-siyasi xadimin bütün fəaliyyət dövrü üçün vacibdir.

- Siyasi fəaliyyətdə “piar”ı nədən başlamaq lazımdır?

- İlk növbədə subyektin ayrıca və siyasi partiyanın təşviqat kampaniyası xeyli fərqlənir. Fərq nədədir? Siyasi partiya bütün ölkə daxilində ümumi bir platforma üzərində işləyir. Belə ki, burada hədəf bütün seçici auditoriyasıdır və əsasən hamıya eyni qaydada müraciət olunur. Lakin bitərəf olaraq namizədliyini müstəqil şəkildə irəli sürürsə, iş fərqli şəkildə qurulmalıdır. Nəticə əldə etmək üçün işə auditoriyanın öyrənilməsi və təhlili ilə başlamaq lazımdır.

- Azərbaycanda siyasi fəaliyyətdə “piar” kampaniyasının keçirilmə səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycanda hakim partiya istisna olmaqla demək olar ki, qalanlarında təbliğat-təşviqat kampaniyası orta səviyyədən də aşağı keçirilir. Yeni Azərbaycan Partiyasından başqa, faktiki olaraq heç bir partiya lazımi səviyyədə təşviqat kampaniyası həyata keçirmir və bu da öz növbəsində bir çox hallarda seçkidəki uğursuzluğa gətirib çıxarır. Şübhəsiz ki, seçicini narahat edən məsələlərin həllinə yönəlmiş addımlar və həmin işin dolğun şəkildə təqdim olunması şərtdir. Misal üçün, 2009-cu ildə mən bələdiyyə seçkilərində öz namizədliyimi irəli sürmüşdüm. Birmənalı olaraq deyə bilərəm ki, kiçik büdcə sərf etməyimə baxmayaraq, səy göstərməyim nəticəsində uğur əldə edə bildim. Məni artıq çoxları tanıyırdı və o cümlədən, platformam hamıya kifayət qədər aydın idi. Topladığım səslərin sayı təxminən 5 min idi. Yəni bu da effektiv reklam kampaniyasının bir göstəricisidir.

- Bu sahədə hansı metodlar daha effektivdir?

- Birincisi, ondan başlayaq ki, namizədin platforması, siyasi baxışları və onun haqqında məlumatlar lazımi səviyyədə olmalı və seçici auditoriyasına tam aydın çatdırılmalıdır. Mütləq şəkildə dairə üzrə müvafiq təhlillər aparılmalı, seçki dairəsindəki respondentlərlə seçicilərin tələblərini və arzularını müəyyən etmək üçün sorğular keçirilməlidir. Rəqiblər, əvvəllər seçilmiş namizədlər haqqında tam məlumatı əldə etmək vacibdir. Keçmiş illərdə seçkilərdə iştirak etmiş və uğur qazana bilməmiş namizədlərin səhvlərini təkrarlamamaq lazımdır. Bu, seçkiqabağı kampaniyanın təşkilində əsas meyarlardan biridir. Yalnız bundan sonra reklam kampaniyasını təşkil etmək olar. Reklam kanalları müxtəlif ola bilər. Hər şey dairələrdən asılıdır. Mütləq şəkildə seçicilərin mentallığı və yaş statistikası nəzərə alınmalıdır. Zənnimcə, media ilə iş müvafiq olaraq bütün bunlarla paralel və eyni səviyyədə görülməlidir. Namizədin tanınması ilə bağlı fəaliyyət seçicilərlə birbaşa aparılmalıdır. Seçicilərin gündəlik istifadə etdiyi və seçkilərin sonuna qədər yadda qalacaq müxtəlif vasitələri tətbiq etmək olar. Seçki günü bütün reklam fəallığı seçicilərin təfəkküründə işləməlidir. Həm də seçki kampaniyasında digərlərindən fərqlənməlidir, seçicini cəlb etməlidir.

Dünyada bu cür kampaniyalara çox diqqətlə yanaşılır və hər bir xırda detallara qədər konsepsiya yaradılır. Məsələn, ilk baxışdan çox əhəmiyyətli olmayan rəng çalarları, təqdimat çarxlarında istifadə olunan musiqilər, namizədlərin şəkillərdə düzgün rakursdan təqdim olunması və bu kimi digər amillər sonda namizədin ümumi obrazının formalaşmasının çox vacib hissələridir.

Onu da qeyd etmək istərdim ki, bələdiyyə seçkilərində iştirak kimi bir təcrübə toplaya bilmişəm və bu il Milli Məclisə keçiriləcək seçkilərdə də iştirak etmək niyyətim var. Əminəm ki, ictimai sektorda gördüyüm işlərin seçicilərə düzgün və daha başadüşülən formada təqdim olunması öz müsbət nəticəsini verəcək. Mənim öz növbəmdə bu prosesə qoşulmaqla bütün imkanlarımı səfərbər etmək niyyətim var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR