“Bakutel” sərgi-konfransı çərçivəsində TASİM layihəsi üzrə Nazirlər Toplantısı keçirilib

“Bakutel” sərgi-konfransı çərçivəsində TASİM layihəsi üzrə Nazirlər Toplantısı keçirilib
# 29 noyabr 2016 07:41 (UTC +04:00)

Bakıda “Bakutel 2016” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransı çərçivəsində “Trans-Avrasiya Surer İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə Nazirlər Toplantısı keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, toplantıda çıxış edən rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İKT sahəsinin inkişafı istiqamətində Azərbaycanda həyata keçirilən islahatlar fonunda TASİM layihəsinin əhəmiyyətindən söz açıb. Nazir bildirib ki, dünyada dinamik inkişaf edən İKT Azərbaycanda prioritet sahədir və daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Nazir dünya ölkələri arasında informasiya mübadiləsinin artan tələbatını qarşılamaq üçün TASİM xüsusi rola malik olduğunu qeyd edib.

Layihəyə qlobal səviyyədə siyasi dəstək verildiyini nəzərə çatdıran nazir bildirib ki, TASİM-in həyata keçirilməsi region ölkələrinin sosial-iqtisadi inkişafına, xüsusilə də elektron hökumət, elektron səhiyyə, elektron ticarət, elektron təhsil kimi sosial-iqtisadi fəaliyyətin yeni formalarının təşkili və inkişafına öz müsbət töhfəsini verəcək.

Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan çıxışında belə bir layihəyə tərəfdaş olmaqlarından məmnunluqlarını ifadə edib, gələcəyin qlobal layihəsi hesab edilən TASİM-in reallaşdırılması üçün bütün dəstəyin göstərilməsinə hazır olduqlarını qeyd ediblər.

Toplantıda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Houlin Zhao çıxış edərək bildirib ki, Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi bu layihə tərəfdaş ölkələrlə yanaşı ümumən dünya üçün böyük əhəmiyyətə malikdir. O qeyd edib ki, İKT-nin dinamik inkişafı fonunda belə layihələr gələcək perspektivlər vəd edir.

Qazaxıstanın informasiya və kommunikasiya nazirinin müavini Alan Azhibayev, Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Yin Shubo çıxış edərək, Azərbaycanın təşəbbüsü ilə formalaşan TASİM layihəsinin qlobal əhəmiyyətli olduğunu bildiriblər.

Qeyd edək ki, TASİM layihəsinin məqsədi əsasən Qərbi Avroradan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-ortik xəttin çəkilməsidir. Bu təşəbbüs 2008-ci ildə “Bakutel” sərgi və konfransı çərçivəsində Bakıda keçirilmiş nazirlər görüşü zamanı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən irəli sürülüb. Həmin il Bakıda “Trans-Avrasiya Surer İnformasiya Magistralı” layihəsinin yaradılmasına dair xüsusi Bakı bəyannaməsi qəbul edilib. 2009-cu ilin 21 dekabr tarixində isə BMT Baş Assambleyasının 64-cü sessiyasında Avrasiya Super İnformasiya Magistralı layihəsinə dair qətnamə qəbul olunub. 30 ölkə tərəfindən həm-müəllif qismində dəstəklənən və konsensusla qəbul edilən qətnamədə “TASİM”-in əlaqələndirilməsində Azərbaycanın xüsusi rolu qeyd olunub. 2010-cu ilin aprel ayından etibarən Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “TASİM” layihəsinin İdarəetmə Qrupunu yaradıb və maliyyələşdirməkdədir.

2012-ci ildə BMT-nin Baş Assambleyasında “TASİM” layihəsi üzrə növbəti qətnamə yekdilliklə qəbul edilib. 2013-cü ildə isə BMT Baş Assambleyasının 67-ci sessiyasının 98-ci plenar iclasında Azərbaycanın təşəbbüsü ilə “Avrasiya Rabitə Alyansı”nın (Eurasian Connectivity Alliance - EuraCA) yaradılmasına dair müzakirələrin başlanılmasına dair qətnamə yekdilliklə qəbul olunub. Bu qətnamə “TASİM”-in yaradılmasının dəstəklənməsini nəzərdə tutur.

Alyansın əsas məqsədi “TASİM” layihəsinin həyata keçirilməsi prosesini sürətləndirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR