Təhsil İnstitutu xüsusi istedadı ilə seçilən şagirdlərin valideyn və müəllimlərinə müraciət edib

Təhsil İnstitutu xüsusi istedadı ilə seçilən şagirdlərin valideyn və müəllimlərinə müraciət edib
# 17 dekabr 2019 17:34 (UTC +04:00)

"Respublika fənn olimpiadalarında əsasən IX-XI sinif şagirdləri iştirak edirlər. Amma xüsusi istedada malik olan VIII sinif şagirdlərinin də respublika fənn olimpiadalarında iştirakına şərait yaradırıq". APA-nın məlumatına görə, bunu Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib.

Onun sözlərinə görə, ancaq beynəlxalq olimpiadalarda şagirdlərin müsbət nəticə əldə etməsi üçün onlarla daha aşağı yaşlardan işləmək vacibdir: "Həmin uşaqlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması olduqca əhəmiyyətlidir. Azərbaycanda mərkəzləşdirilmiş şəkildə beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə qəbul VII siniflərdən başlanılır. Ancaq aydın məsələdir ki, şagirdlər VII siniflərdə hazırlıq mərkəzlərində iştirak etmək üçün VI sinifdən daha çox çalışmalıdırlar. Buna görə də şagirdlərimizin V-VI siniflərdən fənləri daha dərindən öyrənməsi, fərqli ədəbiyyatlarla tanış olması tövsiyə olunandır. Xüsusi istedadı ilə seçilən şagirdlərin valideynlərinə və müəllimlərinə müraciət edərək deyirik ki, həmin şagirdlərin fənn müsabiqələrində iştirakına şərait yaratsınlar. Çünki fənn müsabiqələri uşaqların öz istedadlarını nümayiş etdirməsi üçün ən yaxşı platformadır".

Şöbə müdiri qeyd edib ki, bu gün məktəblərdə kifayət qədər istedadlı uşaqlar var, ancaq onların dəqiq sayını demək çətindir: "Azərbaycan üzrə fənn müsabiqələrində bölgələrin ən yaxşı şagirdləri iştirak edirlər və bu müsabiqələrdə iştirak edən şagirdlərin sayının 23-30 min olması o deməkdir ki, bizim bu qədər sayda yaxşı şagirdimiz var".

F.Qarayev əlavə edib ki, istedadlı uşaqları aşkarlamaq üçün VI-VII sinif şagirdləri arasında fənn müsabiqələri keçirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR