İş adamı və mühafizə şirkətinin əməkdaşlarının məhkəmə istintaqı başlayıb

İş adamı və mühafizə şirkətinin əməkdaşlarının məhkəmə istintaqı başlayıb
# 15 sentyabr 2017 15:14 (UTC +04:00)

Bu gün Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və "Riyad" Mühafizə Xidmətinin əməkdaşlarının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Vəkil Gülşən Salmanovanın APA-ya verdiyi məlumata görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini günahkar bilməyiblər. Daha sonra iclasda 4 nəfər zərərçəkmiş şəxs dindirilib. “Xaliq Faiqoğlu” şirkətinin rəhbəri olan Xaliq Faiqoğlu və digər zərərçəkmiş şəxslər Azadxan Xanməmmədovdan şikayətçi olduqlarını, digərlərinə qarşı şikayət və tələblərinin olmadığını deyiblər.

Növbəti məhkəmə iclası sentyabrın 26-na təyin edilib.

Qeyd edək ki, bu il iyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb.

İlkin məlumata görə, bir müddət əvvəl sahibkar Azadxan Xanməmmədov sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satıb. Lakin bu günədək sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Azadxan Xanməmmədov, Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev və Təbriz Musayev saxlanılaraq istintaqa cəlb olunub. Daha sonra A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslərin barəsində isə polisin nəzarəti altında qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR