DMX rəisi Amerika Ticarət Palatası Direktorlar Şurasının üzvləri ilə görüşüb

DMX rəisi Amerika Ticarət Palatası Direktorlar Şurasının üzvləri ilə görüşüb
# 06 iyun 2018 16:25 (UTC +04:00)

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Xidmətdən APA-ya verilən məlumata görə, görüşün məqsədi işgüzar əlaqələri və əməkdaşlığın gələcək perspektivlərini nəzərdən keçirməkdir.

Vüsal Hüseynov ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlığın inkişafı ilə bağlı Xidmətin səlahiyyətləri çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Xidmət rəisi əcnəbilərə iş icazələrinin verilməsində şəffaflığın artırılması və bununla bağlı işəgötürənlərin müraciətlərinə baxılmasında çevikliyin təmin edilməsi məqsədilə görülən işlərdən söhbət açıb. Qeyd edib ki, sahibkarların Xidmətə müraciətlərinin və yarana biləcək suallarının operativ həlli üçün müvafiq tədbirlər görülməkdədir. Onun sözlərinə görə, DMX ölkəmizdəki yerli və xarici iş adamları ilə əməkdaşlıq əlaqələrini genişləndirməkdədir. Bu baxımdan hazırki görüş əhəmiyyətli xarakter daşıyır və gələcək baxışlarımızı bölüşmək üçün əlverişli imkandır.

AmCham Direktorlar Şurasının prezidenti Nuran Kərimov səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasından məmnunluğunu ifadə edib.

Qeyd edib ki, Azərbaycandakı Amerika Ticarət Palatası ölkəmizdəki 280-dən çox xarici və yerli şirkətin maraqlarını dəstəkləyən və təşviq edən aparıcı qeyri-kommersiya assosiasiyadır. Əsas məqsədi üzv təşkilatlara yüksək keyfiyyətli xidmət göstərərək, onların biznes maraqlarını təşviq etmək, o cümlədən Azərbaycanda biznes mühitinin təkmilləşdirməsi üzərində çalışmaqdır.

Görüşdə ikitərəfli əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR