Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının qurultayı keçirilib - FOTO

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının qurultayı keçirilib   - <span style="color: red;">FOTO
# 24 noyabr 2012 15:56 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. İzmit şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) III Qurultayı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk olaraq qurultayın rəyasət heyəti seçilib və TADF sədri Bilal Dündarın hesabat məruzəsi dinlənilib.

APA-nın məlumatına görə, B.Dündar təşkilatın ötən müddət ərzində həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verərək reallaşdırılmış layihələrin Azərbaycan və Türkiyə münasibətlərinin daha da inkişafına, Azərbaycanın Türkiyədə daha yaxından tanıdılmasına xidmət etdiyini bildirib. O, həmçinin qeyd edib ki, təşkilatın fəaliyyətini daha da gücləndirmək üçün hüquqşünasların və peşəkar mütəxəssislərin quruma cəlb olunması planlaşdırılır. TADF sədri federasiyanın Türkiyənin kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları, siyasi partiyaları, dövlət orqanları və Böyük Millət Məclisi ilə yaxşı əlaqələrə malik olduğunu, gələcəkdə bu əlaqələrin daha da dərinləşdiriləcəyini qeyd edib. O, həmçinin Balıkəsr Bələdiyyə Məclisinin Xocalı faciəsini soyqırımı kimi tanıyan qərar qəbul etdiyini də diqqətə çatdırıb. Hesabat məruzəsindən sonra federasiyanın ötən dövrdəki fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənildikdən sonra qurultay nümayəndələrinin təklifləri əsasında Nizamnaməyə bəzi dəyişiklik və əlavələr edilib. Dəyişikliklərə görə, İdarə Heyəti üzvlərinin say tərkibi 9-dan 7-yə, Nəzarət-Təftiş Komissiyasının tərkibi isə 7-dən 5-ə endirilib. Sonra İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyasının tərkibi seçilib.

Qurultay nümayəndələri TADF-ın gələcək fəaliyyəti ilə bağlı təkliflərini yeni seçilən İdarə Heyətinin diqqətinə çatdırıblar. Qurultayda TADF-ın mətbu orqanının yaradılması, internet səhifəsinin təkmilləşdirilməsi, üzv təşkilatların fəaliyyətinin daha yaxşı koordinasiya olunması ilə bağlı tədbirlərin görülməsi və digər qərarlar da qəbul olunub.

Qurultayda çıxış edən Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi aparatının rəhbəri Nəriman Qurbanov TADF-ın keçdiyi tarixi yol haqqında danışıb, bu qurumun bir sıra uğurlara imza atdığını bildirib. O, təşkilatın gələcək fəaliyyətində qloballaşan dünyanın reallıqlarını nəzərə alan strategiyanın seçilməsinə ehtiyac duyulduğunu qeyd edib.

Toplantının sonunda qurultay iştirakçılarının Azərbaycan prezidenti İlham Əliyevə və Türkiyə prezidenti Abdullah Gülə müraciəti qəbul olunub.

Qeyd edək ki Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası 2006-cı ildə yaradılıb, 2008-ci ildə təşkilatın I qurultayı, 2010-cu ildə isə II qurultayı keçirilib. Təşkilatın tərkibində Türkiyədə fəaliyyət göstərən Azərbaycan dərnəkləri təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR