Vaşinqtonda Azərbaycanın regional, Avropa və Transatlantik tərəfdaşları ilə münasibətləri müzakirə olunub

Vaşinqtonda Azərbaycanın regional, Avropa və Transatlantik tərəfdaşları ilə münasibətləri müzakirə olunub
# 18 dekabr 2012 04:56 (UTC +04:00)

Bakı-APA. Ceymstaun Analitik Fondunun təşkilatçılığı ilə Vaşinqtonda keçirilmiş konfransda Azərbaycanın ötən illər ərzində enerji sahəsində əməkdaşlıq başda olmaqla müxtəlif istiqamətlərdə özünü etibarlı bir tərəfdaş kimi sübut etdiyi bildirilib və regionda üzləşdiyi problemlərə baxmayaraq, ölkədə sabitlik və iqtisadi inkişaf yolunda əldə etdiyi nailiyyətlər qeyd olunub. Eləcə də Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan və o cümlədən Cənubi Qafqaz regionu üçün daşımaqda olduğu təhdid və risklərdən bəhs olunub və bu münaqişənin tezliklə nizamlanmasında irəliləyişin təmin edilməsi üçün ABŞ-ın sülh prosesində daha fəal iştirakına ehtiyac duyulduğu ifadə olunub. Bu barədə APA Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumat verir.

“Azərbaycan və onun regional, Avropa və Transatlantik tərəfdaşları” başlığı altında keçirilmiş müzakirələrdə Azərbaycanı təmsil etmiş, Vaşinqtondakı səfirliyimizin müşaviri Nərgiz Qurbanova ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq barədə tədbir iştirakçılarını məlumatlandırıb və iki ölkə arasında konkret olaraq təhlükəsizlik, iqtisadiyyat və demokratikləşdirmə sahələrində qarşılıqlı maraqlara söykənən əməkdaşlıqdan bəhs edib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rola həsr edilmiş birinci paneldə həmçinin Ceymstaun Fondunun tədqiqatçısı Vladimir Sokor, ABŞ Dövlət Departamentinin Enerji ehtiyatları üzrə məsul əməkdaşı Daniel Ştayn və Böyük Britaniyanın “BP” şirkətinin Vaşinqtondakı təmsilçisi Qreq Sonders çıxış etmişlər. Bu bölümdə Gürcüstan və Türkiyə vasitəsilə dünya bazarlarına açılan enerji infrastrukturlarının ərsəyə gətirilməsində Azərbaycanın qətiyyətli mövqeyi və həmin layihələrin iqtisadi dəyər ilə yanaşı malik olduğu geosiyasi əhəmiyyəti vurğulanıb. Natiqlərin təqdimatlarında “TANAP” qaz kəmərinin gerçəkləşdirilməsi sahəsində qət olunmuş yol və qarşıda dayanan fəaliyyətlər haqqında məlumat verilib və Azərbaycan qazının Avropa bazarına çıxarılmasının təqdim etdiyi imkanlar və xüsusilə Avropa qaz təchizatının diversifikasiyasına verəcəyi töhfəyə istinad olunub. Eyni zamanda “Transxəzər” qaz kəməri layihəsi ilə bağlı Avropa İttifaqının iştirakı ilə aparılan üçtərəfli danışıqlar və onun gələcək perspektivlərindən söz açılıb.

Con Hopkins Universiteti nəzdində Mərkəzi Asiya və Xəzər İnstitutunun rəhbəri Frederik Starın moderatorluq etdiyi ikinci paneldə ABŞ Dövlət katibi yardımçısının müavini olmuş David Merkel Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bəyan edib və xarici siyasət sahəsində ABŞ-ı məşğul edən beynəlxalq hadisə və proseslərin çoxluğuna baxmayaraq, cari administrasiyanı Ermənistan və Azərbaycan arasında sülhün bərqərar edilməsini diqqət mərkəzində saxlamağa çağırmışdır. Tədqiqatçılar üçün Vudro Vilson Beynəlxalq Mərkəzindən Aleksandros Petersen Azərbaycan və Türkiyə arasında mövcud strateji tərəfdaşlığa dair fikirlərini iştirakçılarla bölüşüb.

Nəhayət, bu tədbirə əsas natiq qismində dəvət olunmuş ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ABŞ-ın Cənubi Qafqaz siyasəti haqqında məruzə ilə çıxış edib. Məruzəsində ölkəmizə ayrıca yer vermiş M.Brayza Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmiş və xüsusilə iqtisadi tərəqqi sayəsində Azərbaycan cəmiyyətinin yaşadığı transformasiya barədə danışıb. Natiq həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyəti dəyərləndirmiş və ABŞ-ın regiondakı problemlərin həllinə müfəssəl bir yanaşma nümayiş etdirməli olduğunu göstərib.

Tədbirə ABŞ Dövlət Departamenti və Konqres rəsmiləri, Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, mətbuat və araşdırma mərkəzlərinin təmsilçiləri qatılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR