Azərbaycan kubokunda 1/8 final mərhələsi start götürür

Azərbaycan kubokunda 1/8 final mərhələsi start götürür
# 01 dekabr 2016 08:41 (UTC +04:00)

Sabah Azərbaycan kubokunun 1/8 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, bir oyunluq duellərdən ibarət mərhələnin qarşılaşmaları iki gün davam edəcək.

Topaz Premyer Liqasının klubları yarışa bu raunddan start verəcək. Onların hamısı ilk sınaqda I divizion təmsilçisi ilə görüşəcək. Matçlardan beşində elita klubları, üçündə isə aşağı liqa təmsilçiləri ev sahibi olacaq.

Bütün matçlarda Premyer Liqa təmsilçiləri aşkar favorit sayıldığından qarşıdakı oyunlara maraq minimum səviyyədədi. Hətta I divizionun liderlərinin də qələbəsi sensasiya kimi dəyərləndiriləcək. Bir sözlə, aşağı liqa təmsilçilərinin çətin imtahandan “kəsilməsi” qaçılmaz görünür.

Düzdü, “Turan Tovuz” “Zirə”ni evdə qəbul edəcək. Lakin çempionatda işləri yaxşı getməyən Bakı klubunun büdrəməsi real görünmür. Çünki belə olsa, baş məşqçi Adil Şükürovun kreslosu bir az da laxlayacaq.

Liderlər qrupunda qərarlaşanlardan “Zaqatala” və “Səbail”in püşkdə bəxti gətirməyib. Sonuncular “Qarabağ”ın, əyalət klubu “Qəbələ”nin qonağı olacaq. Premyer Liqanın liderlərinin əsas heyət oyunçularına istirahət verib, asanlıqla mərhələ keçəcəyini indidən proqnozlaşdırmaq olar.

“Qaradağ-Lökbatan” və “Şərurspor” divizionun ortababları sayılsa da, onların “İnter”lə “Neftçi” ilə müqayisə olunacaq səviyyədən uzaqlığı gün kimi aydındı. Üstəlik, Premyer Liqa klublarının ikisi də rəqibini evdə qəbul edəcək. Bu isə onsuz da güclü olan komandaların üstünlüyünü artırır.

Ev amili MOİK-lə “Şahdağ”ın tərəfində olduğu mərhələdə onlardan da sensasiya edəcək gücü inandırıcı deyil. Sonuncular “Kəpəz”i, bakılılar isə “Sumqayıt”ı təəccübləndirmək arzusundadı. Lakin iki liqanın ortabablarının arasındakı fərqin duellərin taleyinə təsir etməməsi mümkünsüzdü. Autsayderlərin dueli kimi qələmə verilən AZAL – “Rəvan” matçında “təyyrarəçilər”in qələbə həsrətinə son qoyması mümkündü. Çempionatda uğura həsrət qalan Tərlan Əhmədovun yetirmələri divizionun iki ən zəif klubundan birini çətinlik çəkmədən mübarizədən kənarlaşdırmalıdı.

Azərbaycan kuboku

1/8 final
2 dekabr (cümə)


14:00. MOİK – “Sumqayıt”
“Bayıl Arena”

15:00. “İnter” – “Qaradağ Lökbatan”
“İnter Arena”

16:00. AZAL – “Rəvan”
“AZAL Arena”

17:00. “Neftçi” – “Şərurspor”
8-ci km qəsəbə stadionu

3 dekabr (şənbə)

13:00. “Turan Tovuz” – “Zirə”
Tovuz şəhər stadionu

13:00. “Şahdağ” – “Kəpəz”
“Bayıl Arena”

15:00. “Qəbələ” – “Zaqatala”
Qəbələ şəhər stadionu

17:00. “Qarabağ” – “Səbail”
“Azersun Arena”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR