Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə işlərin 96%-i tamamlanıb

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə işlərin 96%-i tamamlanıb
# 17 avqust 2017 14:53 (UTC +04:00)

Bu ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) layihəsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə bu işlərin – tikinti və istismar sınaqları daxil olmaqla 96%-i artıq tamamlanıb.

Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam edib - təqribən 370 km uzunluğunda borular artıq qaynaq edilib və 263 km boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb - beşinci üfüqi qazma bu ilin aprel ayında başa çatıb.

Gürcüstan ərazisində kəmər xəttinin inşası üzrə tikinti işləri artıq bitib - 62 km uzunluğunda borular qaynaq edilib, örtüklənib, xəndəyə endirilib və üstü örtülüb. Həm Azərbaycanda, həm də Gürcüstanda boru kəmərinin hidro-sınaqları aparılır. Azərbaycanda 5, Gürcüstanda isə 11 hidro-sınaq bölməsində işlər bitib.

Gürcüstanda hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edir. I kompressor stansiyasında işlər təqribən 99%, ikincidə isə 82% tamamlanıb. Hər iki kompressor stansiyası 2018-ci ildə istismara verilmək planına uyğun irəliləyir. Nəzarət-ölçü stansiyasında (81-ci sahə) isə işlər 98% tamamlanıb və bu stansiyanın 2017-ci ildə təhvil verilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR