Zaqatalada keçmiş məhkum narkotiklə tutulub

Zaqatalada keçmiş məhkum narkotiklə tutulub
# 01 iyun 2018 07:53 (UTC +04:00)

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan keçmiş məhkum həbs edilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı rayon sakini Nail İmam oğlu Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Nail Hüseynovun üzərinə baxış zamanı 1,9 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Nail Hüseynovun yaşadığı evə baxış zamanı isə 115 qram qurudulmuş marixuana aşkarlanıb.

Məlumatda bildirilir ki, Nail Hüseynov əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.

Polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər.

Narkotik vasitəni ona satmaqda şübhəli bilinən şəxsin saxlanılması zamanı o, idarə etdiyi “VAZ-2106” markalı avtomobili polis əməkdaşının idarə etdiyi avtomobilə vurub.

Bütün cəhdlərinə baxmayaraq, polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılıb.

Araşdırmalarla onun Mahamalar kənd sakini Fərrux Xəlilov olduğu müəyyən edilib. Axtarış zamanı ondan çəkisi 1 kiloqrama yaxın narkotik vasitə - üzərindən 10 qram, avtomobilindən 557 qram, evindən isə 345 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR