Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb
# 07 noyabr 2017 09:20 (UTC +04:00)

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərdən Samir Mustafayev kassasiya şikayətini geri götürüb.

Bu barədə APA-ya S. Mustafayevin vəkili Bəxtiyar Hacıyev məlumat verib.

Vəkil bildirib ki, S. Mustafayev özünü təqsirli bilmir, hadisə yerinə dostunun xahişi ilə gedib.

Jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. O, xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub.

Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib. Səbail rayon Məhkəməsinin ötən il mayın 31-də çıxardığı hökmlə C. Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ötən il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və C. Hüseynov azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək cəzalarının azaldılmasını istəyiblər. Məhkəmə onların şikayətini təmin etməyib. Bundan sonra təqsirləndirilən şəxslər kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR