Türkiyənin partiya liderinin müdafiə mətni Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasına göndərilib

Türkiyənin partiya liderinin müdafiə mətni Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasına göndərilib
# 10 sentyabr 2014 12:55 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyə İşçi Partiyasının sədri Doğu Perinçəkin müdafiəsinin mətni Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasına göndərilib. Bu barədə APA-ya açıqlama verən İşçi Partiyası sədrinin müavini və D. Perinçəkin vəkili Mehmet Cengiz deyib ki, 30 səhifəlik müdafiə mətni sentyabrın 8-də AİHM-in Böyük Palatasına təqdim olunub. Müdafiə mətninin Böyük Palatanın 3 iyun 2014-cü il tarixli məktubuna cavab olaraq hazırlandığını nəzərə çatdıran M. Cengiz məhkəmənin 28 yanvar 2015-ci ildə keçiriləcək iclasında Doğu Perinçəkin və İsveçrə dövlətinin vəkilinin çıxış edəcəyini, ondan sonra Böyük Palatanın hökm verəcəyini bildirib.

Xatırladaq ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçək 23 iyul 2005-ci ildə İsveçrənin Lozan şəhərində keçirilən mitinqdəki çıxışında “erməni soyqırımı beynəlxalq yalandır” dedikdən sonra polis nəzarətinə alınıb. O dövrün xarici işlər naziri Abdulla Gülün müdaxiləsiylə polis nəzarətindən buraxılan D. Perinçəkin prokurorluqda ifadəsi alınıb, məhkəmə ona 3 ay həbs cəzası verib. Həbs cəzası cəriməyə çevrilən D. Perinçək “Söz və ifadə azadlığını tapdadığına görə” 2008-ci ilin iyununda İsveçrə dövlətindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət ərizəsi verib. 17 dekabr 2013-cü ildə AİHM Doğu Perinçəki məhkum edən İsveçrənin “söz və ifadə azadlığını pozduğuna” dair hökm çıxarıb. Hökmdə “1915-ci il hadisələrinin “soyqırım” olmadığına işarə edən ifadələr də yer alıb. Bunu qəbul etmək istəməyən İsverə dövləti 14 mart 2014-cü ildə AİHM-in qərarına rəsmi etiraz edib. AİHM-in Böyük Palatasının qərarı qətidir və bu qərarlardan şikayət verilə bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR