Yaponiyanın “Fuci Optical” şirkəti Azərbaycanda 9-cu missiyasına başlayır

Yaponiyanın “Fuci Optical” şirkəti Azərbaycanda 9-cu missiyasına başlayır
# 01 iyul 2013 08:09 (UTC +04:00)

Bakı-APA. Yaponiyanın “Fuji Optical” şirkəti Azərbaycanda özünün 9-cu humanitar missiyasını həyata keçirir və göz müayinəsi və eynək paylanışının Mingəçevir, Yevlax və Bakı şəhərlərində reallaşdırılması nəzərdə tutulub. Yardım proqramı BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi və yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq şəraitində həyata keçiriləcək.

Bu barədə APA-ya BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Otuz ildən artıqdır ki, Yaponiya şirkəti “Fuji Optical” BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əsas özəl donorlarından biridir. Şirkətin prezidenti, 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görülmüş dünya şöhrətli optometrist Doktor Akio Kanai Ümumdünya Qaçqınlar Günü ərəfəsində BMT QAK-a ümumilikdə bir milyon ABŞ dolları olmaqla 10 il dalbadal ianələr ayıracaq.

Donorluqdan əlavə, şirkət həmçinin, ildə bir dəfə BMT QAK-ın himayəsində olan şəxslər üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı həyata keçirir. Şirkət bu humanitar fəaliyyətə 1983-cü ildə hindi-çin qaçqınları arasında başlayıb.

“Fuji Optical” qaçqınlara, məcburi köçkünlərə və aztəminatlı əhaliyə xidmət göstərmək üçün Azərbaycana ilk dəfə 2005-ci ildə gəlib.

Bu il şirkət Azərbaycanda özünün 9-cu humanitar missiyasını həyata keçirir və göz müayinəsi və eynək paylanışının Mingəçevir, Yevlax və Bakı şəhərlərində reallaşdırılması nəzərdə tutulub. Yardım proqramı BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi və yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq şəraitində həyata keçiriləcək.

“Fuji Optical” Azərbaycandakı fəaliyyətinə indiyədək 1,2 milyon ABŞ dollarınadək vəsait xərcləyib. 35 minədək yüksək keyfiyyətli optik eynək və digər vasitələr BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə dəstək kimi ölkəyə gətirilib. Ümumilikdə, 15 mindən artıq qaçqın, məcburi köçkün və digər aztəminatlı şəxs şirkətin ödənişsiz göz müayinəsi xidmətindən faydalanıb. Bu il, “Fuji Optical” Azərbaycana 3500 eynək və digər vasitələr gətirib və qeyd olunan ərazilərdə 2000 məcburi köçkün, qaçqın və digər aztəminatlı şəxslər üçün göz müayinəsi həyata keçirmək niyyətindədir.

BMT-nin ixtisaslaşmış qurumlarından biri olan BMT QAK dünyada olan qaçqınların himayəsi sahəsində beynəlxalq müdaxilələrin idarə olunması, əlaqələndirilməsi, həmçinin, qaçqınların problemləri üçün davamlı həll yollarının axtarılması vəzifəsini daşıyır. Təşkilat Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin salınmış yüz minlərlə məcburi köçkünə və digər ölkələrdən olan minlərlə qaçqına yardım göstərmək üçün 1992-ci ilin dekabrından Azərbaycanda fəaliyyətdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR