“Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili” Qaydaları təsdiqlənib

“Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili” Qaydaları təsdiqlənib
# 28 dekabr 2013 07:32 (UTC +04:00)

Bakı. Ramiz Milayıloğlu - APA. Nazirlər Kabineti "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiqləyib.

APA-nın verdiyi məlumata görə, bu Qaydalar Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanıb və Azərbaycan ərazisində fəaliyyət göstərən bütün orta ixtisas təhsili müəssisələrinə şamil edilir.

Bu Qaydalar orta ixtisas təhsilinin əyani və qiyabi təhsilalma formalarına şamil edilir. Orta ixtisas təhsili müəssisələrində tələbələrin təhsili ixtisas üzrə təhsil proqramı əsasında həyata keçirilir. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftəlik yay semestri də təşkil oluna bilər. Orta ixtisas təhsili pilləsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadan kənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan kənar yükünün ümumi həcmi 45 saatdır. Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir. Buraxılış işinin hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

İxtisasın təhsil müddətindən asılı olaraq orta ixtisas təhsili pilləsində tam orta təhsil bazasından təhsilalanlar üçün 120-180 kredit, ümumi orta təhsil bazasından təhsilalanlar üçün isə 180-240 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bundan əlavə, müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla bu Qaydaların tələbləri gözlənilməklə, hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərtilə fənn (fənlər) də seçməyə icazə verilir. Belə olan halda təhsil haqqının ödənilməsi bu Qaydaların tələblərinə uyğun həyata keçirilir. Akademik borcu olmayan tələbəyə gələcək peşə fəaliyyətində istifadə etmək və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olduğu halda) əlavə təhsil almaq məqsədilə bu Qaydaların tələblərinə uyğun ödənişli əsaslarla müvafiq ixtisasların fənnini (fənlərini) seçmək hüququ da verilir. Bu qayda ilə əlavə təhsil alanlara həmin ixtisas üzrə subbakalavr dərəcəsi və müvafiq diplom verilir.

Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir:

- auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi;

- auditoriyadan kənar işi (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi);

- təcrübələrdə iştirak etməsi;

- laboratoriya işlərini yerinə yetirməsi;

- kurs işini və layihələrini hazırlaması və müdafiəsi;

- imtahanlara hazırlığı və imtahanları verməsi;

- buraxılış işini hazırlaması və müdafiəsi, eləcə də yekun dövlət attestasiyasına hazırlığı və imtahan verməsi.

Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür:

- məcburi və ardıcıl öyrənilən fənlər;

- məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər;

- tələbələrin öz seçimi əsasında öyrənilən fənlər.

Oxşar ixtisas üzrə tədris planları hazırlanarkən müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. Kredit sistemində orta ixtisas təhsili müəssisəsi tərəfindən hazırlanan ixtisasın təhsil proqramı, ixtisasın tədris planı və ixtisasın tədris qrafiki aidiyyəti qurumlara, tələbənin fərdi tədris planı və müəllimin illik işçi tədris planı müvafiq olaraq tələbələrə və müəllimlərə verilir, eləcə də orta ixtisas təhsili müəssisəsinin saytında yerləşdirilir. Hər tədris ili üçün ixtisasın tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən, orta ixtisas təhsili müəssisəsi ona həm fənnin, həm də yüksəkixtisaslı müəllimlərin (vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir. Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaranmadığı halda, bu tələb istisna edilir. İxtisasın illik işçi tədris planı müvafiq olaraq təhsil proqramı, tədris planı, tədris qrafiki və tələbələrin fərdi tədris planları əsasında orta ixtisas təhsili müəssisəsi tərəfindən hazırlanır. Müəllimlərin illik işçi tədris planı ixtisasın illik işçi tədris qrafiki və tələbələrin fərdi tədris planları əsasında hazırlanır.

Fənn üzrə semestr göstəricilərinə və imtahanların nəticələrinə görə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab edilir. Əks təqdirdə, tələbə bu fəndən kreditləri qazanmır və onun həmin fəndən akademik borcu qalır. Fənn (fənlər) üzrə akademik borcu qalan tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir. Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Tələbə orta ixtisas təhsili müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə toplaya bilmədiyi halda, məzmununda əsaslı dəyişikliklər olan bəzi peşə hazırlığı fənnindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu Qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır. Tələbəyə müəllim seçmək imkanı yaradılır. Bir müəllimi seçən tələbələrin sayı 30 nəfərdən çox olarsa, orta ixtisas təhsili müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edir. Bu halda tələbələrin qruplar üzrə siyahısı ərizələrinin qeydəalınma ardıcıllığına görə müəyyənləşdirilir. Orta ixtisas təhsili müəssisələrində fənlərin və müəllimlərin seçiminə geniş imkan yaratmaq məqsədi ilə dərs cədvəli fənlər üzrə (müəllimin adı və soyadı qeyd edilməklə) tərtib olunur. Orta ixtisas təhsili müəssisəsi tərəfindən növbəti tədris ili üçün ixtisaslar üzrə illik işçi tədris planı və fənlər üzrə dərs cədvəlləri tələbələrin fərdi tədris planları əsasında hazırlanaraq təsdiq edilir.

Tədris prosesi auditoriya və auditoriyadan kənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirələrə, seminarlara və praktik məşğələlərə ayrılan akademik saatlara müvafiq olaraq orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir. Bu zaman əyani təhsilalma forması üzrə bütün növ dərslərin 1 (bir) akademik saatına 1 (bir) saatdan az olmayaraq sərbəst iş müəyyənləşdirilir. Sərbəst işlərin ümumi həcmindən ən azı 40 faizi dərsdənkənar vaxtda müəllimin rəhbərliyi ilə həyata keçirilməlidir. Müəllimin tələbələrlə sərbəst işi onun tədris-metodiki işi hesab edilir. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır. Tələbənin cari semestrdə akademik borcu qaldığı halda o, növbəti semestrdə təqaüddən məhrum edilir. Əgər həmin tələbə növbəti semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa, onun təqaüdü bərpa olunur.

Yay semestri akademik borcların ləğv edilməsi məqsədi milə təşkil edilir. Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır. Yay semestri və imtahanlar növbəti semestrin başlanmasına 2 həftə qalana qədər başa çatdırılır. Orta ixtisas təhsili müəssisələrində yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir. Dövlət orta ixtisas təhsili müəssisələrində yay semestrinin təşkili ilə bağlı bütün xərclərin maliyyələşdirilməsi həmin semestrdə iştirak edən tələbələrin ödədikləri vəsait hesabına həyata keçirilir. Yay semestrində fənn üzrə qrupda tələbələrin sayını orta ixtisas təhsili müəssisəsi maliyyə imkanlarını nəzərə alaraq müəyyənləşdirir. Yay semestrinə müəllimlər könüllü olaraq cəlb olunurlar. Bu zaman müəllimin fəaliyyətinin ödəniş məbləği saathesabı qaydada həyata keçirilir. Bundan əlavə, müəllimlərə fənn üzrə qrupdan əldə olunan vəsaitin hesabına əlavə ödəniş verilir. Həmin ödənişin məbləği orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyənləşdirilir. Özəl orta ixtisas təhsili müəssisələri yay semestrinin təşkilatçılarına və müəllimlərinə ödənişin məbləğini öz maliyyə imkanlarına görə sərbəst müəyyən edirlər.

Kredit sistemi ilə təhsil alan tələbələrə kömək göstərmək məqsədi ilə orta ixtisas təhsili müəssisələrində akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunur. Dövlət orta ixtisas təhsili müəssisələrində tyutorların sayı əlavə ştat vahidləri cəlb olunmamaqla, həmin müəssisələrin mövcud ştatlarının optimallaşdırılması hesabına tənzimlənir. Tyutorlar ən azı bakalavr dərəcəsi və tədrisin təşkili sahəsində müəyyən təcrübəsi və səriştəsi olan şəxslərdən seçilirlər. Tyutor bu vəzifəyə direktorun əmri ilə təyin edilir.

Kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin müddəalarına əsasən, tələbələrin akademik mobilliyi onların digər orta ixtisas təhsili müəssisələrində, o cümlədən xarici ölkələrin uyğun səviyyədə təhsil verən müvafiq təhsil müəssisələrində ayrı-ayı fənlər üzrə kreditləri qazanmaları ilə təmin edilir. Tələbənin digər təhsil müəssisələrində kreditləri qazanması təhsil aldığı orta ixtisas təhsili müəssisəsinin razılığı ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş şərtləri tələbə ilə göndərən və qəbul edən təhsil müəssisələri arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil aldığı orta ixtisas təhsili müəssisəsi tərəfindən tanınmalıdır. Digər orta ixtisas təhsili müəssisələrində qazanılacaq kreditlərin sayı ixtisas üzrə nəzərdə tutulmuş kreditlərin 30 faizindən çox olmamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR