Azərbaycanla İngiltərənin İKT şirkətləri üçüncü ölkələrin bazarlarına çıxmaq niyyətindədir

Azərbaycanla İngiltərənin İKT şirkətləri üçüncü ölkələrin bazarlarına çıxmaq niyyətindədir
# 03 iyul 2014 10:17 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri və İnternet İdarəçiliyi Forumunun baş katibinin dəvəti ilə Londonda “Qlobal İnternet İdarəçiliyi Forumunun Nazirlər Toplantısı”nda iştirak edib. Səfər zamanı ölkəmizdə bu sahədə aparılan islahatlar, dünyada mövcud olan İKT və internet problemlərindən danışılıb. Düzdür, Azərbaycanda İKT-nin inkişaf səviyyəsi Böyük Britaniyadakı kimi olmasa da, ingilis şirkətləri Azərbaycanda bu sahəyə maraqlarını ifadə edirdilər.

APA-Economics”in məlumatına görə, bu barədə “StartUp mühitinin formalaşdırılmasında dövlətin, özəl sektorun və investorların dəstəyi” adlı konfransda çıxışı zamanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, səfər zamanı İngiltərədə bir çox layihələr müzakirələr olunub.

“Qərara gəldik ki, Azərbaycan İngiltərə şirkətləri birlikdə müəyyən layihələr həyata keçirsinlər. Əsas məqsəd Azərbaycan şirkətlərini gücləndirərək, onlara maliyyə resursları və ya müəyyən güzəştlər tətbiq etməklə, ingilis və ümumiyyətlə, dünyanın digər şirkətləri ilə birgə üçüncü bazarlarda iştirakını genişləndirməkdir”, - deyə nazir bildirib.

Qeyd edək ki, “StartUp Azərbaycan" layihəsi ilə bağlı 2 ay davam edən yarışmaya 47 layihə təqdim edilib. Qaydalara cavab verən 28 layihə müsabiqəyə buraxılıb.

Səkkiz ekspertin iştirakı ilə keçirilən qiymətləndirmə əsasında 6 layihə finala çıxaraq qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR