Respublika Diaqnostika Mərkəzində Oftalmologiya korpusunun açılışı olub

Respublika Diaqnostika Mərkəzində Oftalmologiya korpusunun açılışı olub
# 01 noyabr 2013 13:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Respublika Diaqnostika Mərkəzində (RDM) Oftalmologiya korpusunun açılışı olub.

APA-nın məlumatına görə, mərkəzdə yapon istehsalı olan ən müasir avadanlıq “Topcon” cihazının köməyi ilə görmənin vəziyyəti qiymətləndiriləcək və xəstəliklərin diaqnostikası aparılacaq.

Konsultasiyadan sonra həkim oftalmologiya müalicə proqramı müəyyən edir və bütün fərdi xüsusiyyətləri nəzərə almaqla eynək və ya kontakt linza təyin edir. Ehtiyac olarsa, inkişaf etməkdə olan kataraktın qarşısını alan, qlakoma zamanı gözün funksional vəziyyətini bərpa edən və görmə sinirinin xəstəlikləri zamanı itilmiş görməni qaytaran lazer texnologiyalarının köməyi ilə müalicə aparılır.

Respublika Diaqnostika Mərkəzinin baş oftalmoloq həkimi Xəlil Hüseynov jurnalistlərə açıqlamasında deyib ki, bunlar Azərbaycan üçün yeni avadanlıqlardır və onların vasitəsilə gözün müayinəsi, tam diaqnostik müalicəsinin aparılması mümkündür: “Yeni avadanlıqlar vasitəsilə Azərbaycanda ilk dəfə olaraq gözün ön hissəsinin kaheren tomoqrafiyası həyata keçiriləcək. Bu aparat oftalmoloqlara gözün ön seqmentinin diaqnostikasını aparmağa imkan verir. Mövcud qurğu gələcəkdə daha mühüm əməliyyatların aparılmasına da kömək edəcək. Ön seqmentin təxminən 300-ə qədər patologiyası var. Onların hamısını bu aparat vasitəsilə müəyyən etmək olacaq”.

X.Hüseynov qeyd edib ki, mərkəzə gün ərzində 30-40 nəfər insan xəstəliklərlə bağlı müraciət edib. Azərbaycanda xəstələrin gözlə bağlı daha çox şikayət etdiyini deyən həkimin sözlərinə görə, bunun səbəbi coğrafi zonalarla bağlıdır: “Azərbaycanda oftalmologiya ilə bağlı xəstəliklər çoxdur. Bunlardan daha çoxu “qara su” və “mirvari suyu”dur”.

Qeyd edək ki, RDM-də yeni açılan Oftalmologiya korpusunda müasir avadanlıq və həkimlərin səyi nəticəsində vasitəsilə əməliyyatlar uğurla həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR