Nobel mükafatı laureatı Piter Daymond Azərbaycan Dövlət İqtisad Universitetində çıxış edib

Nobel mükafatı laureatı Piter Daymond Azərbaycan Dövlət İqtisad Universitetində çıxış edib
# 01 oktyabr 2014 13:26 (UTC +04:00)

Alimə universitetin “Fəxri doktoru” diplomu təqdim olunub

Bakı. Musa Əhmədov - APA-Economics. Nobel mükafatı laureatı Piter Daymond Azərbaycan Dövlət İqtisad Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüşüb.

APA-Economics”in məlumatına görə, universitetin rektoru Ədalət Muradov Nobel mükafatçısını bu təhsil ocağında görməkdən məmnun olduğunu bildirərək, P.Daymondun elmdə əldə etdiyi nailiyyətlərdən danışıb. Rektor bildirib ki, P. Daymond tədqiqatları ilə klassik bazar iqtisadiyyatı modelinə yenidən baxmağın zəruri olduğunu sübut edib.

Sonra Ə. Muradov Nobel mükafatı laureatına universitetin “Fəxri doktoru” diplomunu təqdim edib.

Tədbirdə çıxış edən P. Daymond İqtisad Universiteti ilə tanışlıqdan və universitetin “Fəxri doktoru” adına layiq görülməkdən məmnun olduğunu bildirib. Əmək bazarının iqtisadiyyata təsirinin böyük olduğunu deyən P. Daymond bildirib ki, sadə modelləri tapa bilmək üçün o 10 il vaxt sərf edib. O, əlavə edib ki, əvvəllər qiymətin formalaşmasının tələb-təklifdən asılı olduğu bildirilirdi, indiki dövrdə isə bu məsələyə tələb-təklif aspektindən yanaşmaq düzgün deyil. “Çünki, tələb olmasa da indiki dövrdə məhz internet vasitəsilə alıcı məhsulu almaq üçün şirnikləndirilir. Ümumiyyətlə mən hesab edirəm ki, alıcıların məlumatının az olması səbəbindən pərakəndə bazarda qiymət adi bazardan fərqli olur”, - deyə alim bildirib.

Dünyada baş verən iqtisadi proseslərdən danışan Nobel mükafatçısı vurğulayıb ki, iqtisadiyyatda yeni uğurların əldə olunması gənc iqtisadçıların üzərinə düşür. Diskussiya şəklində keçən görüşdə qonaq universitetin müəllim və tələbələrinin suallarını cavablandırıb.

Qeyd edək ki, P. Daymond 1940-cı ilin aprelin 29-da anadan olub. Massaçusets Texnologiya İnstitutunun sosial təminat, təqaüdlər və vergi üzrə mütəxəssisi, professordur. 9 kitab, 132 elmi əsərin müəllifidir. ABŞ prezidenti Barak Obama onu Federal Ehtiyatlar idarəsinin müdirlər şurasına üzv təyin edilib. 2010-cu ildə “Axtarış müqavimətli bazarın təhlili” sahəsində uğurlarına görə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb. Ekspertlər iqtisadiyyat üzrə 2010-cu ilin Nobel mükafatı laureatlarını makroiqtisadiyyatın klassikləri hesab edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR