DSMF qeyri-büdcə sektoru üzrə proqnozu 115% faiz icra edib

DSMF qeyri-büdcə sektoru üzrə proqnozu 115% faiz icra edib
# 27 fevral 2012 09:29 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri, ilkin məlumatlara əsasən, 200,6 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 44,9 mln. manat və ya 28,8% çoxdur.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları (m.d.s.s.h.) üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 22,3% və ya 12,35 mln. manat artaraq 67,65 mln. manat olub.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 72,9%-i və ya 49,35 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,8% və ya 7,09 mln. manat artıb, proqnoz isə 115,3% icra olunub.

Yanvar ayında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 18,3 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilə nisbətən 40,3% və ya 5,3 mln. manat artıb, proqnoz 114,3% icra olunub. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

DSMF-nin xərcləri 2012-ci ilin yanvar ayında 168,97 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 166,9 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,9 mln. manat və ya 14,3% çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 14,6% və ya 20,9 mln. manat artaraq 164,2 mln. manat təşkil edib.

Ölkə üzrə əmək pensiyası alan şəxslərin sayı 1 277 596 nəfər təşkil edib. Cəmi əmək pensiyası alan şəxslərin 498 750 nəfəri kişi, 778 846 nəfəri qadındır. Onlardan əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 331 586 nəfər, yaşa görə əmək pensiyası alanların sayı 812 771 nəfər təşkil edir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 133 239 nəfərdir.

Ötən ilin əvvəli ilə müqayisədə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 28,7% artaraq 145,2 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4% artaraq 160,4 manata çatıb. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 40%, yaşa görə əmək pensiyaları üzrə isə 45% təşkil edib.

DSMF-nin digər xərcləri 2,1 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricidən 1,2 mln. manat çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR