Abbas Mirzə Şərifzadənin 120 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib

Abbas Mirzə Şərifzadənin 120 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib
# 05 iyun 2012 07:48 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq artisti Abbas Mirzə Şərifzadənin anadan olmasının 120 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, teatrın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi açılıb. Tədbirdə sənətşünaslıq doktoru, professor İlham Rəhimli Azərbaycan teatrının korifeyi Abbas Mirzə Şərifzadənin ömür və yaradıcılıq yolundan, onun Azərbaycan mədəniyyətinin inkişafına verdiyi dəyərli töhfələrdən, kino və teatr sahəsindəki xidmətlərindən söhbət açıb.

İ. Rəhimli vurğulayıb ki, Abbas Mirzə Şərifzadə Şamaxıda dünyaya göz açsa da, onun gəncliyi, ümumiyyətlə, bütün ömrü Bakı ilə bağlı olub. 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edərək Bakıya köçüb: “Azərbaycan teatrı səhnəsində ilk dəfə Hamleti məhz Abbas Mirzə Şərifzadə oynayıb. Onun adı Azərbaycan teatr tarixinə yalnız aktyor kimi düşməyib. Böyük sənətkar ilk rejissorlarımızdan biri sayılır. Azərbaycan kino sənəti tarixində onun adı birincilər sırasındadır”.

Xatirə tədbirində Abbas Mirzə Şərifzadənin nəticəsi, “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov da iştirak edib. Tədbir günü öz ad gününü qeyd edən E. Qasımov, babasının adına düzənlənmiş tədbiri yüksək qiymətləndirib, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. Eldar Qasımov belə bir nəslin davamçısı olmaqdan şərəf duyduğunu, hər zaman babası ilə fəxr etdiyini ifadə edib.

Gecədə bir çox tamaşalardan fraqmentlər, A. M. Şərifzadənin yaradıcılıq yolunu əks etdirən video material nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR