İran XİN Kanadanın bu ölkə ilə diplomatik münasibətləri dondurmasına etiraz olaraq bəyanat yayıb

İran XİN Kanadanın bu ölkə ilə diplomatik münasibətləri dondurmasına etiraz olaraq bəyanat yayıb
# 10 sentyabr 2012 09:32 (UTC +04:00)
APA-nın İRİB-ə istinadən məlumatına görə, sənəddə bildirilir ki, Kanada hökumətinin bu strategiyası qeyri-peşəkar addımdır: “Bu addım beynəlxalq hüquq normalarından öz mənafeyinə uyğun olaraq sui-istifadə etməkdir. BMT-nin hesabatına görə, Kanada dünyada insan haqlarını pozan ən pis keçmişə malik bir ölkədir. Bu ölkənin yürütdüyü siyasət nəinki sülhün bərqərar olunmasına kömək etmir, əksinə, beynəlxalq sabitlik və təhlükəsizliyi təhdid edir. Kanadanın baş naziri Stiven Harper seçkilərdə məğlubiyyətə uğrayıb və yürütdüyü siyasətə görə xalqının böyük etirazı ilə qarşılaşıb. Kanada hökuməti ötən iki il ərzində İrana, o cümlədən də bu ölkədə yaşayan iranlılara qarşı təzyiqlərini artırıb”.

Bəyanatda qeyd olunur ki, Kanada hökuməti İranın bu ölkədəki səfirliyi qarşısında keçirilən müxtəlif etiraz aksiyalarının qarşısını almaqda müvəffəqiyyətsiz olub: “Ancaq İran bu ölkədə yaşayan siyasətçilərinin toxunulmazlığının təmin olunması kimi məsələlərdə Kanadanın məsuliyyət daşıdığını bir daha bəyan edir”.

Qeyd edək ki, sentyabrın 7-də Kanada İranla diplomatik münasibətlərini dondurduğunu açıqlayıb. Bunun üçün Kanada ilkin addım olaraq İrandakı səfirliyini bağlayıb və bütün iranlı diplomatlara Ottavanı tərk etmələri üçün 5 gün vaxt verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR