Azərbaycan sahibkarlarının daha bir qrupu bu il Almaniyaya ixtisasartırma kurslarına göndəriləcək

Azərbaycan sahibkarlarının daha bir qrupu bu il Almaniyaya ixtisasartırma kurslarına göndəriləcək
# 28 sentyabr 2012 15:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda «Azərbaycanda biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan-Almaniya birgə Proqramı» çərçivəsində sahibkar və gənc menecerlər üçün Almaniyada təşkil olunmuş ixtisasartırma kurslarının səmərəliliyinin qiymətləndirilməsinə həsr edilmiş iki günlük seminar işə başlayıb.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ), Almaniyanın Azərbaycandakı səfirliyi, Almaniyanın müvafiq tədris mərkəzlərinin nümayəndələri, eləcə də 2011-ci ildə Almaniyada ixtisasartırma kursları keçmiş 52 sahibkar və gənc menecer iştirak edir.

İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini Hidayət Abdullayev seminarda çıxış edərək maarifləndirmə tədbirlərinin sahibkarlıq fəaliyyətinin səmərəli təşkilində rolundan danışıb, Almaniyada təşkil olunmuş ixtisasartırma kurslarının əhəmiyyətini qeyd edib, bu Proqramın gələcəkdə də davam etdirilməsinin Azərbaycan gənclərinin menecment sahəsində beynəlxalq təcrübəyə yiyələnməsində, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsində rolunu vurğulayıb.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, GIZ təşkilatının beynəlxalq eksperti Vladislav Belov və digər iştirakçılar çıxışlarında «Azərbaycanda biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan-Almaniya birgə Proqramı» və bu Proqram çərçivəsində həyata keçirilmiş ixtisasartırma kurslarının nəticələri barədə məlumat veriblər. Tədbirdə qeyd olunub ki, bu Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 111 sahibkar və gənc menecer Almaniyanın bir sıra tədris mərkəzlərində və istehsal müəssisələrində təlim və təcrübə keçib, 25 sahibkarın və gənc menecerin isə 2012-ci ilin noyabr ayında Drezdenin «Yeni Federal Torpaqlar Konsorsiumu» Tədris Mərkəzinə ixtisasartırma kurslarına göndərilməsi nəzərdə tutulur.

Tədbirdə ixtisasartırma kursunda iştirak etmiş menecerlərin çıxışları və təqdimatları dinlənilib, «Azərbaycanda biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan-Almaniya birgə Proqramı» çərçivəsində Almaniyanın müvafiq şirkətləri ilə yaradılmış işgüzar əlaqələr barədə iştirakçılara ətraflı məlumat verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR