BMT Komissiyası: Azərbaycan əhalisinin yarısı internetlə əhatə olunub

BMT Komissiyası: Azərbaycan əhalisinin yarısı internetlə əhatə olunub
# 25 sentyabr 2012 09:20 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA-Economics. Azərbaycanda əhalinin 50%-i internetlə, 10,7%-i isə genişzolaqlı stasionar rabitə ilə əhatə olunub. “APA-Economics”in xəbərinə görə, bu barədə BMT-nin genişzolaqlı rabitə üzrə Komissiyasının hesabatında bildirilir.

UNESCO və Beynəlxalq Elektrorabitə İttifaqının himayəsi ilə hazırlanan sənəddə dünyanın 177 ölkəsində internet istifadəçilərinin sayının artması və yeni informasiya-kommunikasiya texnologiyalarının yayılmasının bu ölkələrin əhalisi üçün iqtisadi faydaları haqqında məlumatlar verilir. Hesabatda genişzolaqlı rabitəyə və dünyanın müxtəlif regionlarında onun əlçatarlığına xüsusi diqqət yetirilib. Bildirilir ki, hazırda dünyada 2,26 mlrd. nəfərin internetə çıxış imkanı var.

Böyük ölkələr arasında ən ciddi uğura Almaniya imza atıb. Burada əhalinin 83%-nin internetə çıxış imkanı var. ABŞ-da bu göstərici 77,9%, Rusiyada 49%, Çində 38,3%-dir.

Genişzolaqlı rabitənin yayılmasına gəlincə, stasionar sistemlərin abunəçilərinin sayının ölkə əhalisinin sayına nisbətinə görə Lixtenşteyn (71,6%) liderlik edir. Fransa 7-ci (36,1%), ABŞ 18-ci (28,7%), Rusiya 50-ci (12,2%), Çin 53-cü (11,6%) yerdə qərarlaşıb.

Azərbaycanda genişzolaqlı stasionar rabitədən əhalinin 10,7%-i istifadə edir. Moldovada bu göstərici 9,9%, Gürcüstanda 7,6%, Qazaxıstanda 7,5%, Ukraynada 7%, Ermənistanda 5%, Özbəkistanda 0,5%, Qırğızıstanda 0,3%, Tacikistanda 0,1% təşkil edir.

Beynəlxalq Elektrorabitə İttifaqının hesablamalarına görə, 2015-ci ildə dünya əhalisinin yarısı internetə genişzolaqlı rabitə vasitələrinə çıxış imkanı əldə edəcək. Buna daha çox mobil rabitə vasitələrinin inkişafı təkan verəcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi məlumatlarına əsasən, ölkə üzrə internet istifadəçilərinin ümumi sayı 65%-dir ki, bunun da 30%-i genişzolaqlı internet istifadəçiləridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR