Azərbaycan və Çin arasında bir sıra iqtisadi sənədlər imzalanıb

Azərbaycan və Çin arasında bir sıra iqtisadi sənədlər imzalanıb
# 14 iyun 2012 12:26 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti iyunun 11-dən etibarən Çində səfərdədir. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan İnvestisiya Şirkəti, «Sumqayıt Kimya Sənaye Parkı» MMC-nin nümayəndələri, həmçinin iş adamları daxildir.

Çinə səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib. Belə ki, Çinin kommersiya naziri Çen Deminq ilə keçirilmiş görüşdə əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.

Görüşün sonunda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Çin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum, İqtisadi İnkişaf Nazirliyi və Çinin Sincan Uyğur Muxtar Rayonu hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun yaradılması haqqında protokol, həmçinin Azpromo ilə Çin və Avropa arasında Texniki və İqtisadi Əməkdaşlıq üzrə Assosiasiya arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Azərbaycan nümayəndə heyəti ilə Çinin Kommersiya nazirinin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Conq Şan arasında keçirilmiş görüşdə isə iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bundan başqa, Azərbaycan nümayəndə heyəti Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəhbəri ilə də görüşüb. Görüşdə siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, iqtisadi əməkdaşlığın inkişaf etdiyi qeyd olunub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çində təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.

Qeyd edək ki, iyunun 16-dək davam edəcək səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirəcək, iyunun 15-də isə Quançjouda keçiriləcək Çin-Azərbaycan biznes forumunda iştirak edəcək, sənaye parklarının fəaliyyəti ilə tanış olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR