Dmanisidə yeni xəstəxana istifadəyə verilib

Dmanisidə yeni xəstəxana istifadəyə verilib
# 15 fevral 2012 00:34 (UTC +04:00)
Dmanisi. Nizami Məmmədzadə-APA. Azərbaycanlıların kompakt yaşadığı Dmanisidə müasir standartlara cavab verən və yeni tibb aparatları ilə təchiz olunan xəstəxana istifadəyə verilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, xəstəxananın açılışında Gürcüstan prezidenti Mixail Saakaşvili iştirak edib. Dmanisi sakinləri qarşısında çıxış edən ölkə prezidenti Dmanisinin çoxmillətli bir rayon olduğunu və burada sosial-səhiyyə layihələrin həyata keçirildiyini bildirib. “Biz bütün bölgələrə eyni cür baxırıq. Hər bir bölgədə yeni tikinti layihələri nəzərdə tutulur və biz belə sosial-səhiyyə tikintilərini çoxmillətli Dmanisi rayonunda da həyata keçiririk. Əvvəllər bu rayon ucqar dağ rayonu kimi tanınırdı. İndi Dmanisinin inkişafı göstərir ki, bu rayon mərkəzdən fərqlənmir.”
Prezident Mixail Saakaşvili Dmanisinin keçmişinə də nəzər salıb.”Əvvəllər burada vəziyyət belə deyildi. Qara qüvvələr Gürcüstanda inkişaf edirdi. Onlar indi də baş qaldırıb və indiki hakimiyyətə, eləcə də bu aydınlığa qaranlıq gətirmək istəyirlər. Bir tərəfdə - qaranlıq, digər tərəfdə - aydınlıq, digər tərəfdə -qayğı, digər tərəfdə isə qəzəb var. Lakin həmişə aydınlıq qaranlığa, gələcək isə keçmişə qələbə çalacaq. Gürcü xalqı heç vaxt korrupsiyanın və kriminalın geri qayıtmasını istəmir,”-prezident Saakaşvili bildirib.
Gürcüstan prezidenti çıxışında Dmanisidəki 200 km uzunluğunda kənd yollarının da asfaltlaşdırılacağını bildirib. O, qeyd edib ki, 2012-ci ilin sonunda bütün layihələr başa çatdırılacaq.
Qeyd edək ki, bu il Tiflis-Qırmızı Körpü yolu da yüksək keyfiyyətlə bərpa olunacaq.
Xəstəxananın açılışında Gürcüstanın Səhiyyə Naziri Andria Uruşadze, Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze ,Gürcüstan parlamentinin Dmanisidən seçilən mojaritar deputatı Kaxa Okriaşvili, rayon icra hakimiyyəti rəhbərliyi və digər qurumların rəhbərləri, ətraf kəndlərdən gələn gürcü və azərbaycanlı ziyalılar, səhiyyə işçiləri iştirak edib.
Xatırladaq ki, keçən ilin son ayında da azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi rayonlarında və digər bölgələrdə də müasir standartlara cavab verən yeni xəstəxanaların açılışı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR