İstanbul möhtəşəm “Shoppinq Festival”a hazırlaşır - FOTOSESSİYA

İstanbul möhtəşəm “Shoppinq Festival”a hazırlaşır - <font color=red>FOTOSESSİYA</font>
# 07 may 2012 17:05 (UTC +04:00)
İstanbul. Məhbubə Qasımbəyli - APA. Gələn ay Türkiyənin İstanbul şəhərində keçiriləcək “İstanbul Shopping Festival”la əlaqədar olaraq Türk Hava Yolları (THY) Azərbaycandan olan bir qrup mətbuat nümayəndəsinin İstanbula səfərini təşkil edib. APA-nın əməkdaşının da iştirak etdiyi səfər festivalın tanıdılması məqsədi daşıyıb. THY Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Yunanıstan, Albaniya, Bosniya, Serbiya, Makedoniya və s. ölkələrdən olan 30-a yaxın media təmsilçisinə də belə bir şərait yaradıb.

Səfər proqramı İstanbul Şopping Festivalın ana sponsoru olan THY şirkəti ilə tanışlıqla başlayıb. THY mətbuat müşavirliyinin əməkdaşı Metin Aytek və digər əlaqədar qurum nümayəndələrinin müşayiəti ilə başlanan tanışlıq çərçivəsində şirkətin baş direktoru Temel Kotil mətbuat nümayəndələrini qəbul edib. Qəbulda şirkət barədə media nümayəndələrinə ətraflı məlumatlar verilib. Temel Kotil THY-nin Afrika, Amerika, Asiya, Avropanın ən müxtəlif nöqtələrinə, Avstraliyaya, eləcə də Türkiyə daxilinə çoxsaylı reyslər həyata keçirdiyini deyib.

O qeyd edib ki, 78 il əvvəl cəmi 5 təyyarə ilə fəaliyyətə başlayan THY-nin aviasiya parkında hazırda 180 təyyarə var. Ötən ay THY aviasiya üzrə dünyanın ən yüksək mükafatlarından biri olan "2012 Freddie"də iki istiqamət üzrə mükafat qazanıb.

Bundan əvvəl isə THY Avropanın “Ən yaxşı hava yolu” elan edilib. Mülki aviasiya sektorunda keyfiyyəti qiymətləndirən “Skytrax”ın dəyərləndirməsinə görə THY 3 kateqoriyada "Avropanın ən yaxşı havayolu" mükafatını alıb.

Təməl Kotil tədbirdə Azərbaycandan olan jurnalistlərin suallarını da cavablandırıb.
THY-nin hazırda Bakıya gündə 4 dəfə reyslər təşkil etdiyini bildirən T. Kotil
bu reyslərin sayının daha da çox olmasını istədiklərini arzulayıb. O, yaxın zamanlarda fəaliyyətə başlayacaq İstanbul-Gəncə-İstanbul reysi barədə də danışıb.

“Rəhbərlik etdiyiniz şirkət Azərbaycana gerçəkləşdirilən reyslərdə uçuş qiymətlərini aşağı sala bilərmi” sualına cavab olaraq T. Kotil qeyd edib ki, THY hər zaman ən keyfiyyətli, ən ucuz xidmət göstərməyi düşünür: “Uçuşların sayı artdıqca qiymətlər enir. Bizim tək bir məqsədimiz var – insanlar bizim xəttimizlə uçsunlar. Təki uçuşlarımızın sayı çox olsun”...

Media nümayəndələri THY-nın İkram Mərkəzində də olublar. Burada media nümayəndələri hər gün həyata keçirilən reyslərdə minlərlə insana təqdim olunan müxtəlif çeşidli, yüksək keyfiyyətli yeməklərə, çörəklərə, içkilərə, şirniyyatlara baxış keçiriblər.

Daha sonra THY-nin çoxsaylı qurumlarının arasında önəmli bir yeri tutan, milyonların istifadə etdiyi təyyarələri idarə edənlərin hazırlandığı Uçuş və Təlim Akademiyası ilə tanışlıq başlayıb. Pilotların hazırlıq keçdiyi, bütöv bir şəhərciyi xatırladan mərkəz son model avadanlıqlarla təchiz olunub. Burada pilotların təlim keçdiyi 9 ədəd - “Boinq 777” tipli simulyatorlara (məlumata görə, onların hər birinin qiyməti 50 milyon dollar təşkil edir) baxış keçirilib. Simulyatorlarda təyyarənin eniş, qalxış, uçuş vəziyyətləri nümayiş olunub. Mətbuat nümayəndələri şərti də olsa, qəza, yanğın, partlayış vəziyyətlərinə düşüb, belə anda nələri etməyin lazım olması barədə məlumatlandırılıblar.

Akademiyada o da qeyd olunub ki, burada bir pilotun hazırlanması üçün minimum 3 il vaxt lazım gəlir.

Səfər proqramının ilk gününün sonuncu ünvanı isə nəhəng İstanbul Akvariumu olub. Düz bir il əvvəl fəaliyyətə başlayan akvariumun ziyarətçilərinin sayı yüz minlərlədir. 2003-cü ildə İstanbul bələdiyyəsi tərəfindən elan olunmuş tenderdə qalib gəlmiş 4 böyük şirkət tərəfindən qurulan akvarium hazırda dünyanın ən böyük Tematik Akvariumu hesab olunur.

Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Ege dənizi, Süveyş kanalı, Aralıq dənizi, Cəbəllütariq boğazı, Panama kanalı, Sakit okean, Amazon ovalığı və s. bölümlərdən ibarət olan akvariumda adı çəkilən su məkanlarında yaşayan bütün balıq növlərinə, su canlılarına, bitkilərinə rast gəlmək mümkündür.

İstanbul akvariumu ən yeni nəsil texnologiyalarından istifadə olunmaqla yaradılıb.Bu akvarium bir sıra yeniliklərinə görə dünyada birinci sayıla bilər. Akvarium ziyarətçilərinə türk, ingilis və bir sıra başqa dillərdə əhatəli məlumatlar verilir.Hər sahə ayrıca olaraq özünəməxsusu şəkildə səs və işıq effekti ilə təmin olunub.6.800 kubmetr su həcminə malik akvarium 100 hektar ərazidə yerləşir. “Qara dəniz”dən başlayıb “Sakit Okean”a qədər uzanan 1,2 kilometr uzunluğunda gəzinti sahəsində 1.500 çeşid, 15 min dəniz və quru canlısı ilə rastlaşmaq mümkündür...

Mətbuat nümayəndələrinin növbəti gün proqramı isə İstanbul Şopping Festivalın əhatə etdiyi bir yerlə “Sapphire Seyirterası”ndan başlayıb. İstanbulun Levent səmtində yerləşən bu bina Türkiyənin, eləcə də Avropanın ən hündür binası sayılır. Dünyanın ən tanınmış markalarının alış-veriş məkanı kimi tanınan bu yerdə eyni zamanda 4 D texnologiyalı simulyator yerləşir. Bu simulyatorda qonaq olan media nümayəndələri ən yüksək nöqtədən İstanbulun möhtəşəm tarixi binalarını izləyib, onlara “daxil olub”, “toxunub”, binaların “ab-havasını hiss edə biliblər”.

Daha sonra jurnalistlər İstanbulun nəhəng alış-veriş mərkəzlərindən olan “Kanyon”a yollanıblar. İstanbul Shopping Festivalın təmsilçiləri ilə görüş də burada təşkil olunub. “İstanbul Shopping Festival-2012”nin İcra Komitəsinin həmsədri Hakan Kodal deyib ki, festivala ölkə xaricindən 1 milyona yaxın turistin gəlməsi gözlənilir. Turist axını daha çox Türkiyənin çevrəsində olan ölkələrdən olacaq. “Buraya Azərbaycan da daxildir. Festivalda Azərbaycandan olan dostlarımızı gözləyirik”, - deyən H. Kodal ötən il ölkəmizin festivalda alış-veriş edən ölkələr arasında ikinci yerdə olduğunu vurğulayıb: “Bu dəfə isə Azərbaycanın birincilik əldə edəcəyini gözləyirik”.

Festivalda bütün dünya və Türkiyə markaları iştirak edir və onların hər birinin özəl təqdimatları olacaq. 9-29 iyun tarixlərində İstanbula gələnləri 50 faizlik endirimli alış-verişlə yanaşı, gecə saatlarına qədər davam edəcək konsertlər, ziyafətlər gözləyir: “Küçələrdə böyük konsertlərimiz keçiriləcək. Yerli və xarici müğənnilərin çıxışları olacaq. Bu, möhtəşəm bir festival olacaq”.

Festivalın siması isə ötən il olduğu kimi, bu dəfə də Azərbaycanda da hamının yaxşı tanıdığı Kvanç Tatlıtuğdur.

İstanbul Shopping Festivalın baş direktoru Füsun Sönmez xarici ölkələrdə festivalın tanıdılması üçün bir sıra addımların atıldığını qeyd edib. Bu həftə festival təşkilatçılarının Dubayda, mayın 15-də Bakıda, mayın 17-də isə Belqradda tanışlıq tədbirləri nəzərdə tutulur.

Festival İstanbulun “Kozzy”, “Kanyon”, “Historia Fatih”, “Neomarin”, “Carrefour İçerenköy”, “Palladium”, “A Plus Ataköy”, “Capitol”, “İstinyePark”, “Torium”, “Marmara”, “Metrocity”, “Akmerkez”, “Profilo”, “İstanbul Power Outlet”, “City’s Nişantaşı”, “Sapphire Çarşı”, “Optimum Outlet”, “Cevahir”, “Carousel”, “Pendorya”, “Akbatı”, “Trump Tower Malls” və s. alış-veriş mərkəzlərini və çoxsaylı mağazaları əhatə edəcək.

Ötən ildən başlayaraq keçirilən festival ilk dəfə 40 gün davam edib. Bu dəfə isə 21 gün davam edəcək, 9-29 iyun tarixində keçiriləcək festivalın hədəfi 7 milyard lirə qazanc əldə etməkdir. Bu il ikinci dəfə keçiriləcək festivalda iştirakçıların sayının ötən illə müqayisədə xeyli artacağı gözlənilir.

Festivalın təşkilatçıları ilə görüşdən sonra qonaqların “İstinyePark”la tanışlığı başlanıb. Ən böyük ticarət mərkəzlərindən biri olan “İstinye Park” haqqında elə ilk baxışdan aparıcı dünya və Türkiyə modalarını yaxından təqib etdiyi təəssüratı yaranır.

THY ilə tanışlıqla başlanan, nəhəng alış-veriş məkanlarını gəzməklə davam edən səfər proqramında sonuncu gün İstanbulun qədim tarixinə ekskursiya ilə başa çatıb. THY çox maraqlı proqramında bu məqamı da diqqətdən kənarda qoymayıb. Mətbuat təmsilçiləri İstanbulun, eləcədə dünyanın böyük tarixi məkanları olan Topqapı Sarayı, Ayasofya Muzeyi, Sultan Əhməd Camisi, Misir Çarşısı ilə tanışlıq fürsətini qaçırmayıblar...
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR